XƏBƏRLƏR
Azərbaycan Universitetində I AU MUN simulyasiya konfransı keçirilib
Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı və “Azerbaijan University Model United Nations Club”un (AU MUN) birgə təşkilatçılığı ilə AzMUN proqramı çərçivəsində I AU MUN simulyasiya konfransı keçirilib. İkigünlük konfrans tələbələrin beynəlxalq münasibətlər, diplomatiya və qlobal problemlər haqqında biliklərini artırmaq, ictimai çıxış, debat və müzakirə bacarıqlarını inkişaf etdirmək, tələbə gənclərə BMT modelində iştirak imkanı yaradaraq onları beynəlxalq mühitə hazırlamaq, Azərbaycan Universitetini beynəlxalq tələbə fəaliyyətlərində daha fəal təmsil etmək məqsədi daşıyır.
Konfransın açılış hissəsində Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışınski, Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının sədri Hüseyn Rüstəmli, AzMUN proqramının rəhbəri Sabir Sultanov və “AU MUN Club”un baş katibi Gülzaman Əliyeva çıxış ediblər.
Konfrans iki komitədən ibarət olub. Azərbaycan komitəsində müzakirə mövzusu “Beynəlxalq silahlı münaqişələrin çağırışları: təhlükəsizlik, sülhməramlılıq və beynəlxalq hüquq", ingilis komitəsində isə müzakirə mövzusu “Qlobal miqrasiya böhranı və onun humanitar, siyasi və iqtisadi nəticələrinin müzakirəsi” olub. Hər iki komitədə rəqabətli mühit müşahidə olunub.
Tədbirin yekununda bağlanış mərasimi keçirilib və komitələrin ölkə nümayəndələri mükafatlandırılıb.
Konfransda ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrindən 60-dan çox tələbə iştirak edib.
İctimaiyyətlə əlaqələr şöbəsi









