XƏBƏRLƏR
Azərbaycan Universitetində diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb
Azərbaycan Universitetində 2025/2026-cı tədris ilindən başlayaraq professor-müəllim heyətinin elmi və pedaqoji fəaliyyətinin stimullaşdırılması məqsədilə diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb. Bu münasibətlə Elm şöbəsi və Keyfiyyət təminatı şöbəsinin birgə təşkilatçılığı ilə pedaqoji heyət üçün infosessiya təşkil olunub.
Tədbiri açılış sözü ilə elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov açaraq qərarın Elmi Şuranın iclasında qəbul olunduğunu diqqətə çatdırıb. Prorektor qeyd edib ki, yeni sistemə əsasən pedaqoji heyətin fərdi elmi fəaliyyət göstəriciləri nəzərə alınaraq formalaşan reytinq siyahısına əsasən əmək haqqlarına diferensial əlavələr ediləcək. Burada əsas məqsəd elmi fəaliyyətin keyfiyyətini və məhsuldarlığını yüksəltmək, müəllimlər arasında rəqabət mühitini gücləndirmək, onların peşəkarlığını və motivasiyasını yüksəltməkdir.
Yusif Qasımov bildirib ki, Azərbaycan Universitetində elmi fəaliyyətin stimullaşdırılmasına 2018-ci ildən başlanıb. Universitetin rektoru Səadət Əliyevanın elmi fəaliyyətin səmərəli təşkili və əməkdaşların elmi tədqiqat fəaliyyətinə təşviq edilməsi haqqında müvafiq əmrləri var. Diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanması isə bu istiqamətdə yeni mərhələdir.
Ardınca Elm şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyeva “Elmi fəaliyyətin qiymətləndirilməsinin meyarları” mövzusunda təqdimatla çıxış edib. Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasovanın çıxışı isə “Pedaqoji fəaliyyətin qiymətləndirilməsinin meyarları” mövzsusunda olub. Çıxışlarda qeyd olunub ki, əmək haqqının diferensiallanması bir neçə istiqamət üzrə həyata keçiriləcək. Buraya elmi göstəricilər, pedaqoji fəaliyyətin monitorinqi, universitetin Təlim və Tədris Mərkəzinin təşkil etdiyi özünüinkişaf modullarında iştirak fəaliyyəti daxildir.
İnfosessiya təqdimatların ardından mövzu ətrafında müzakirə ilə davam edib.
Sonda elmi işlər üzrə prorektor Yusif Qasımov, Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva və Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova pedaqoji heyətin suallarını cavablandırıb, təkliflərini dinləyiblər.
İctimaiyyətlə əlaqələr şöbəsi