XƏBƏRLƏR
Azərbaycan Universitetində Konstitusiyanın 30 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunub
Azərbaycan Universitetində “Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyi: dövlət hüquq sisteminin formalaşması tarixi və inkişaf perspektivləri” mövzusunda dəyirmi masa təşkil olunub. Humanitar və sosial elmlər fakültəsi ilə Siyasi və ictimai elmlər kafedrasının birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə kafedranın müdiri, dosent Elvin Talışınski açıb. Kafedra müdiri çıxışında Azərbaycanın dövlətçilik tarixini və müasir inkişafını təhlil edib, həmçinin Azərbaycanın dövlətçilik modelinin regional və beynəlxalq kontekstdəki yerini və əhəmiyyətini vurğulayıb. Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında və qəbulunda ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb.
Siyasi və ictimai elmlər kafedrasının müəllimi Tərlan Ağayev dəyirmi masada “Suverenliyin təkamül prosesi və Azərbaycan Respublikasının suverenlik modeli” mövzusunda çıxış edib. O, çıxışında suverenlik anlayışının tarix boyunca inkişafını, Azərbaycan dövlətçiliyində müstəqillikdən əvvəlki və sonrakı mərhələlərini, eləcə də müasir suverenlik modelinin tarixi əsaslarını diqqətə çatdırıb.
Kafedranın müəllimi Əli Babazadənin məruzəsi isə “Azərbaycanda hüquqi dövlət quruculuğu: konstitusiya və suverenlik kontekstində” mövzusunda olub. O, məruzəsində Azərbaycanın milli oyanış dövründən başlayaraq hüquqi dövlət quruculuğunun inkişafını təqdim edib, konstitusiya qəbuluna qədərki və sonrakı mərhələlərdə suverenliyin hüquqi əsaslarının formalaşmasını və dövlətçilik təcrübələrini izah edib.
İctimaiyyətlə əlaqələr şöbəsi