XƏBƏRLƏR
Şəhid Fəxrəddin Qurbanlı təqaüdünə bu il Könül Məhəmmədova layiq görülüb
2025/2026-cı tədris ilində Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüdə Könül Məhəmmədova layiq görülüb. Könül Babliyevna Məhəmmədova Dövlət və ictimai münasibətlər ixtisası üzrə I kurs tələbəsidir.
Könül Məhəmmədova təqaüdə layiq görülməsi ilə bağlı fikirlərini saytımız ilə bölüşdü: “Universitetə yüksək balla qəbul olunmaq mənim üçün illərdir çəkdiyim zəhmətin, yuxusuz gecələrin bəhrəsidir. Gələcəyim üçün atılmış güclü bir addım, arzularımın həyata keçməsi üçün açılmış qapıdır. Bu qapıda məni daha çox öyrənməyə, vətənimə faydalı bir gənc kimi yetişməyə ruhlandıran, şəhidimizin ruhuna ehtiramın simvolu olan təqaüd qarşıladı. Layiq görüldüyüm təqaüdün şəhid Fəxrəddin Qurbanlı adına olması mənim sevincimə qürur, qüruruma isə məsuliyyət qatır.
Fəxrəddin Qurbanlı bir zamanlar bizim kimi auditoriyalarda əyləşib, hər gənc kimi onun da gələcək haqqında xəyalları olub. Lakin onun həyat yolu ucalıqla tamamlanıb, adı xalqın yaddaşına qəhrəmanlıqla yazılıb. Fəxrəddin Qurbanlının və onun timsalında vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsini, xəyallarını, arzularını yaşatmaq bizim borcumuzdur. Çünki onlar vətənimizin hər qarışını bizə əmanət qoyub gediblər.
Mənə təqdim olunmuş təqaüd mənim üçün yalnız maddi bir dəstək deyil, şəhidimizin ruhuna dərin hörmət əlamətidir. Bu mənim üçün qəhrəmanlıq irsinə bağlılıq, mənəvi borcun, qürurun birləşdiyi nöqtədir.
Şəhidlərimizin ruhu şad olsun, rahat uyusunlar, çünki biz onların xatirəsini yaşatmağa, adlarını elm və bilik ilə yüksəltməyə davam edəcəyik”.
Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd Azərbaycan Universiteti tərəfindən universitetin məzunu və Aprel şəhidi Fəxrəddin Qurbanlının xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2016-cı ildə təsis olunub. Təqaüd 2016/2017-ci tədris ilindən başlayaraq birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.
“Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd”ə layiq görülən tələbələrimiz
- 2016/2017-ci tədris ili: Ruzigar Asəf oğlu Şirinov, Maliyyə (tədris ingilis dilində)
- 2017/2018-ci tədris ili: Günay Əfqan qızı İbrahimli, Sosial iş
- 2018/2019-cu tədris ili: Sənan Nadir oğlu Fərmanlı, Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
- 2019/2020-ci tədris ili: Zivər Məzahir qızı Məmmədova, Tərcümə (ingilis dili)
- 2020/2021-ci tədris ili: Marina Teymuraz qızı Nasibova, Maliyyə (tədris ingilis dilində)
- 2021/2022-ci tədris ili: Murad İlham oğlu Tağıyev, Sosial iş
- 2022/2023-cü tədris ili: Səfəralı Səbuhi oğlu Qeybullayev, Tərcümə (ingilis dili)
- 2023/2024-cü tədris ili: Nəzrin Yalçın qızı Oruclu, Tərcümə (ingilis dili)
- 2024/2025-ci tədris ili: Səid Akşin oğlu Məhərrəmli Sosial iş (tədris ingilis dilində)
İctimaiyyətlə əlaqələr şöbəsi