NEWS
Azərbaycan Universitetində tələbələr arasında “Ey Vətən” bilik yarışı keçirilib
Azərbaycan Universitetinin tələbələri arasında “Ey Vətən” adlı bilik yarışı təşkil olunub. İctimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə keçirilən yarışın məqsədi tələbələrin suverenlik anlayışını, Azərbaycanın dövlət müstəqilliyinin əsaslarını, Konstitusiyanın əsas müddəalarını, Qarabağın tarixi və mədəni irsini, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbəni və işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış konsepsiyasını daha dərindən mənimsəmələrinə və biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq olub.
Layihə çərçivəsində Biznes və iqtisadiyyat, Humanitar və sosial elmlər, həmçinin İnformasiya-kommunikasiya texnologiyaları fakültələrini təmsil edən tələbələrdən ibarət, hər birində 5 nəfər olmaqla ümumilikdə 4 komanda (Turizmçilər, Legatus, Aristokratiya, Mübarizlər) formalaşdırılıb.
Yarışda iştirak edən komandalar “Azərbaycan Respublikasının Konstitusiyası”, “Tarixdə, ədəbiyyatda, incəsənətdə Qarabağ: dünən və bu gün”, “Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış”, “İqtisadiyyat, “İnformasiya-kommunikasiya texnologiyaları”, eləcə də “Ümumi dünyagörüşü” mövzuları üzrə ünvanlanan sualları cavablandırıblar.
Komandaların çıxışları və cavabları münsiflər heyəti tərəfindən dəyərləndirilib. Münsiflər heyətində Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini Nahid Almasov, Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışınski, Maliyyə və mühasibat kafedrasının müdiri, dosent Nəriman Böyükkişi, həmçinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Təhminə Hüseynova təmsil olunub.
Yarışın qalibi “Aristokratiya” komandası olub. Bütün iştirakçılara sertifikat təqdim olunub, qalib komandanın üzvləri isə sertifikatla yanaşı kubok və xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Bilik yarışı tələbələr arasında intellektual inkişafı təşviq etməklə yanaşı, vətənpərvərlik ruhunun gücləndirilməsinə və milli dəyərlərin daha dərindən mənimsənilməsinə mühüm töhfə olub.
Qeyd edək ki, yarış Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamını rəhbər tutaraq Azərbaycan Universitetinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi