NEWS

Azərbaycan Universitetinin müəllimi Türkiyədə beynəlxalq simpoziumda plenar məruzə ilə çıxış edib

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov Türkiyədə keçirilən III Beynəlxalq Ailə Simpoziumunda plenar məruzə ilə çıxış edib. Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin dəstəyi ilə İstanbul Ailə Fondu tərəfindən Demokratiya və Azadlıqlar Adasında təşkil olunan simpozium “XXI əsrdə ailə olmaq” mövzusunda olub.

Abbas Qurbanovun məruzəsi  “Milli-mənəvi dəyərlər ruhunda ailə” mövzusuna həsr olunub. O, iştirakçılar tərəfindən maraqla qarşılanan və yüksək qiymətləndirilən məruzəsində ailənin cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq bildirib: “Hər bir cəmiyyətin mövcudluğu və inkişafı üçün ən vacib institut ailədir. Ailə təkcə bioloji münasibətlərin deyil, həm də mənəvi, sosial və əxlaqi dəyərlərin qorunduğu müqəddəs bir ocaqdır. Xalqımızın əsrlərlə formalaşmış milli-mənəvi dəyərləri arasında ailənin xüsusi yeri və çəkisi vardır. Azərbaycan xalqı tarixən ailə dəyərlərinə böyük önəm verib, ailəni müqəddəs sayıb və onu cəmiyyətin dirəyi kimi qiymətləndirib. Bu gün də ailə institutu xalqımızın milli-mənəvi sərvətlərinin qorunmasında və nəsillərarası əlaqələrin davam etdirilməsində mühüm rol oynayır. Ailə cəmiyyətin əsası, mənəviyyatın, mədəniyyətin və milli kimliyin qorunduğu ilkin ictimai mühitdir. Müasir dövrdə isə ailə institutu yeni çağırışlar və təhlükələrlə üz-üzə qalıb.”

Tədbirin açılış mərasimində simpoziumun Təşkilat Komitəsinin sədri professor  Turgay Şirin, İstanbul Ailə Fondunun İdarə Heyətinin sədri Üner Karabıyık, Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş, Nazirliyin Ailə və İctimai Xidmətlər Baş direktoru Tuncay Cevheroğlu, psixiatr Mustafa Merter, İstanbul Ailə Fondunun Himayədarlar Şurasının sədri Sami Yılmaz, 12 ölkədən dəvət olunmuş alim və tədqiqatçılar, QHT nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.

Simpoziuma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan dəstəklərini ifadə edib, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş isə tədbirə dəstək mesajı paylaşaraq simpoziumun əhəmiyyətini vurğulayıb.

Bu il üçüncü dəfə keçirilən simpoziumda ümumilikdə 12 ölkədən 63 alim və tədqiqatçı iştirak edib. Paralel olaraq üç zalda keçirilən sessiyalarda 47 elmi məruzə təqdim olunub. Sessiyalarda “Ailə psixologiyası”, “Nəsillərarası münasibətlər və ailə”, “Struktur transformasiyalar və ailə”, “Milli mədəniyyət və ailə”, “Din və ailə”, “Ailə və dəyərlər”, “Din psixologiyası”, “Sosial perspektivdən ailə”, “Sosial-mədəni perspektivdən”, “Miqrasiya və ailə”, “Ailə və media” kimi mövzular müzakirə olunub, mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS