NEWS

Azərbaycan Universitetində Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanda milli ordu quruculuğunun keçdiyi tarixi inkişaf yoluna nəzər salınıb, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən bəhs olunub. 

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açılış nitqi ilə çıxış edərək Azərbaycan ordusunun 107 ildə keçdiyi yola nəzər salıb. Prorektor qeyd edib ki, hər bir dövlətin gücünü müəyyən edən, beynəlxalq arenada layiq olduğu mövqeyə çıxaran əsas amillərdən biri onun hərbi potensialı və güclü ordusudur. Azərbaycan ordusu bu gün öz tarixinin ən parlaq dövrünü yaşayır. Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinə son nöqtəni qoyan, öz tarixi missiyasını yerinə yetirən Azərbaycan ordusunun 2020-ci ildə müasir silah növləri ilə nümayiş etdirdiyi çevik, fantastik döyüş taktikası günümüzdə dünyanın aparıcı hərbi elmi mərkəzlərində təhlil edilir və öyrənilir. Təkcə bu fakt Azərbaycan ordusunun gücünü və potensialını sübut edir. 

Tədbirin qonağı, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit, baş leytenant Vüqar Əhmədov Azərbaycanda ordu quruculuğu və Qarabağ Zəfərinə gedən yol haqqında danışıb. Qonaq qeyd edib ki, Azərbaycan ordusunun möhtəşəm Qarabağ zəfərinin arxasında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu və güclü siyasi kurs dayanır.

Daha sonra İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev, Siyasi və ictimai elmlər kafedrasının müəllimləri Samir Hümbətov və Azər Əfəndiyevin çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu, sovet dövründə milli ordunun ləğv olunması, birinci və ikinci Qarabağ müharibələrinin hərbi aspektləri, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında  Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər, ümummilli liderin Azərbaycan ordusunun formalaşması və gücləndirilməsi, peşəkar kadr hazırlığı istiqamətində misilsiz xidmətləri, prezident İlham Əliyevin davam etdirdiyi missiya və ordu quruculuğu siyasətinin tarixi Qarabağ zəfərində oynadığı rol kimi mövzulara toxunulub. 

Qeyd edək ki, tədbir Riyaziyyat və informatika kafedrası ilə Tərcümə və filologiya kafedrasının birgə təşkilatçılığı ilə keçirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

             


OTHER NEWS