NEWS
Azərbaycan Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Universitetində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün bərpası və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açıb. Prorektor çıxışında Azərbaycanın müstəqillik tarixinin ağır sınaqlarla müşayiət olunduğunu qeyd edib, Ermənistanın işğalçılıq siyasətinin Azərbaycana vurduğu zərbənin miqyasını, müstəqilliyin bərpasının ilk illərində ölkənin üzləşdiyi ciddi siyasi, iqtisadi, sosial və hərbi çətinlikləri diqqətə çatdırıb. O, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından etibarən iqtisadiyyatın bərpası və inkişafı, dövlət və ordu quruculuğu istiqamətində atdığı ardıcıl addımla, bu siyasətin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi Azərbaycanın Qarabağ Zəfəri üçün siyasi, iqtisadi və hərbi zəmin formalaşdırıb.
Çıxışda bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu şəhər, qəsəbə və kəndləri addım-addım işğaldan azad edib, noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin həlledici mərhələlərindən biri olub. Qeyd edilib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra Azərbaycan ordusunun Ağdam, Kəlbəcər və Laçın rayonlarına daxil olması ilə proses davam edib, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam təmin olunub. Bu gün Xankəndidə və Azərbaycanın bütün ərazilərində Dövlət Bayrağının dalğalanması şəhidlərin canı və qanı bahasına əldə edilib: “Onların əziz xatirəsinin daim ehtiramla yad edilməsi, bizə əmanət qoyduqları müstəqil və suveren Azərbaycanı daha da inkişaf etdirmək hər birimizin borcudur”, - deyə prorektor çıxışını yekunlaşdırıb.
Ardınca Siyasi və ictimai elmlər kafedrasının müəllimləri - tarix elmləri doktoru, dosent Bəhman Kərimov, Əli Babazadə, Tərcümə və filologiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Hüseyn Hüseynli məruzə ilə çıxış ediblər. Məruzələrdə qeyd edilib ki, 44 günlük Vətən müharibəsi tarixi ədalətin bərpası və beynəlxalq hüquq normalarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan uzun illər icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini öz gücü hesabına yerinə yetirərək ərazi bütövlüyünü və suverenliyini bərpa edib, regionda yeni geosiyasi reallıqlar yaradıb. Qazanılan Zəfər Azərbaycanın beynəlxalq nüfuzunun və regional mövqelərinin möhkəmlənməsinə, ölkənin beynəlxalq münasibətlər sistemində daha fəal rol oynamasına zəmin yaradıb. Çıxışlarda, həmçinin Qarabağ Zəfərinin Azərbaycan xalqının ictimai və mənəvi həyatına təsirindən, milli kimlik və vətənpərvərlik duyğularının güclənməsindən, bu tarixi hadisənin ədəbiyyatda, dildə və milli yaddaşda əks olunmasından bəhs edilib. Qeyd olunub ki, Vətən müharibəsinin və Qarabağ Zəfərinin tarixi dərsləri gələcək nəsillərin dünyagörüşünün, milli özünüdərkinin və vətənə bağlılığının formalaşmasında mühüm rol oynayır.
Qeyd edək ki, tədbir Siyasi və ictimai elmlər kafedrası ilə Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi








