NEWS
Azərbaycan Universitetinin bir qrup müəllim-tələbə heyəti Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib
Azərbaycan Universitetinin İnformasiya – kommunikasiya texnologiyaları (İKT) fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat və informatika kafedrasının müdiri, dosent Rəşad Məstəliyev və fakültənin bir qrup tələbəsi ölkənin kibertəhlükəsizlik sahəsində ən nüfuzlu platformalarından birinə çevrilən IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə keçirilən forum dövlət qurumlarını, Milli Məclisin deputatlarını, beynəlxalq təşkilatların nümayəndələrini, xarici ölkələrin kibertəhlükəsizlik institutlarını, özəl sektor təmsilçilərini, ali təhsil müəssisələrinin rəhbərlərini, ekspertləri və gənc mütəxəssisləri bir araya gətirib.
Tədbir çərçivəsində kibertəhlükəsizlik ekosisteminin inkişafı, beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının təhlükəsizlik mühitinə təsiri və yerli innovativ həllərin inkişaf perspektivləri müzakirə olunub. Forumun sərgi hissəsində isə tərəfdaş şirkətlər tərəfindən müasir kibertəhlükəsizlik həlləri nümayiş etdirilib.
Forumun açılış mərasimində ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafı, dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi vurğulanıb. Sessiya və panellərdə isə milli kibertəhlükəsizlik strategiyaları, kritik infrastrukturun qorunması, süni intellektin tətbiqi və rəqəmsal transformasiya dövrünün çağırışları ətrafında geniş müzakirələr aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi
