NEWS
Ədliyyə Nazirliyi Azərbaycan Universitetində infosessiya keçirib
Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Universitetinin tələbələri üçün ədliyyə orqanlarında qulluğa qəbul prosesinə həsr olunmuş infosessiya keçirilib. Tədbirin məqsədi ədliyyə orqanlarında qulluğa qəbul prosesində gənclərin iştirakının təşviq edilməsi, onların karyera imkanları barədə məlumatlandırılması olub. İnfosessiyada universitetin 200-ə yaxın bakalavriat və magistratura tələbəsi iştirak edib.
Tədbiri giriş nitqi ilə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq tədbirdə ədliyyə orqanlarında işə qəbul prosesi ilə bağlı dəyişikliklər haqqında məlumat veriləcəyini bildirib. Prorektor dəyişikliklərin bütün ixtisaslar üzrə ali təhsilli məzunların ədliyyə orqanlarında fəaliyyət imkanlarını artırdığını bildirib və infosesiya təşəbbüsü üçün nazirliyin rəhbər heyətinə təşəkkürünü ifadə edib.
Daha sonra Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ləman Hüseynzadə, İcra xidmətinin rəis müavini Yaqub Qurbanov, Probasiya Xidmətinin şöbə rəisi Səyyad Məcidli, Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinin rəis müavini Seymur Səfərov, “Ədliyyə Könüllüləri” İctimai Birliyinin sədri Cavad Cavadlının çıxışları dinlənilib. Çıxışlarda nazirliyin fəaliyyət istiqamətləri, mövcud vakansiyalar, qəbul qaydaları, təcrübə və könüllülük proqramları haqqında məlumat verilib, xüsusilə probasiya və icra məmuru vəzifələri üzrə ixtisas məhdudiyyətinin aradan qaldırılması ilə bağlı yeniliklər izah olunub. Bildirilib ki, icra məmuru olmaq üçün nəzərdə tutulan hüquqşünaslıq ixtisası tələbi ləğv olunub, ali təhsilli bütün şəxslərin müraciət etməsi üçün şərait yaradılıb.
İnfosessiyada tələbələrə icra məmuru peşəsi, icra məmuru olmaq üçün tələblər, dövlət icra məmuru və xüsusi icra məmuru, xüsusi icra sisteminin tətbiqi haqqında da məlumat verilib. Eyni zamanda, könüllülük və təcrübə proqramlarının üstünlükləri, bu proqramların gənclərin peşəkar inkişafında rolu qeyd olunub.
Tədbirdə xüsusilə vurğulanıb ki, Ədliyyə Nazirliyinin Probasiya xidməti ilə Azərbaycan Universiteti arasında imzalanan anlaşma memorandumundan irəli gələn vəzifələr və fəaliyyət planı uğurla icra olunur. Bu əməkdaşlıq ali təhsil müəssisəsi ilə dövlət qurumu arasındakı əməkdaşlığın nümunəvi modelidir və real nəticələrlə müşayiət olunur.
İnterkativ formatda təşkil olunan görüş sual-cavab sessiyası ilə yekunlaşıb. Nazirliyin rəhbər heyəti tələbələrin mövzuya dair suallarını cavablandırıb, ədliyyə orqanlarında karyera qurmaq istəyən gənclərə öz tövsiyələrini veriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi










