NEWS
Azərbaycan Universitetində “Elektron Universitet Modeli”nin təlimləri başa çatıb
Azərbaycan Universitetində “Elektron Universitet Modeli”nin tətbiqinə başlanması, modelin daha səmərəli istifadəsinin təşkil edilməsi məqsədilə yanvar ayından bu yana davam edən silsilə təlimlər yekunlaşıb. Təlimlərdə universitetin bütün kafedraları üzrə professor-müəllim heyəti, Tədris şöbəsinin, dekanlıqların inzibati heyəti və tyutorlar iştirak edib.
Tədris prosesinin effektivliyinin artırılması və keyfiyyətinin daha yüksək səviyyədə təmin edilməsi məqsədilə istifadə olunan proqram təminatı tədris prosesinin elektron idarə olunması, monitorinqi, sənədləşdirilməsi, hesabatlılığın təmin olunması, təhsil məzmununun çatdırılması və nəzarət edilməsi kimi funksiyaları özündə birləşdirir, həmçinin tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi üçün geniş imkanlar yaradır. Dərs cədvəlləri, fənlərin sillabusları sistemə daxil edilib. Sistem daxilində müəllim və tələbələrin şəxsi kabinetləri yaradılıb və kağız jurnallar elektron jurnalla əvəzlənib. Elektron jurnalın tətbiqi sayəsində imtahanaqədərki balların (kollokvium, seminar balları, sərbəst işlər və davamiyyət) avtomatik hesablanması, tədris materiallarının elektron variantının müəllimin şəxsi kabinetində yerləşdirilməsi (mühazirə mətnlərinin, təqdimatların, audio və video materialların və s.) mümkündür. Müəllim və tələbələr sistemə mobil telefon vasitəsilə də daxil ola bilirlər.
Qeyd edək ki, Azərbaycan Universitetində 2023/2024-cü tədris ilindən elektron universitet modelinin tam olaraq tətbiqinə başlanır.
İctimaiyyətlə əlaqələr şöbəsi