NEWS

Siyasi və ictimai elmlər kafedrasının əməkdaşları Qazaxıstanda keçirilən konfransda çıxış ediblər

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent  Elvin Talışınski və kafedranın müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov Qazaxıstanın Aktau şəhərində keçirilən “Mədəniyyətlərarası dialoq, müasir konstitusionalizm və suverenlik” mövzusunda beynəlxalq konfransda plenar məruzə ilə çıxış ediblər. Beynəlxalq tədbir Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması çərçivəsində Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu, Şahmərdan Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti, həmin universitetdə fəaliyyət göstərən “Azərbaycan Mərkəzi”nin təşəbbüsü və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin, yerli diaspor təşkilatlarının dəstəyi ilə baş tutub. 

Tədbiri “Azərbaycan Mərkəzi”nin rəhbəri İlkin Orucov açaraq “Konstitusiya və Suverenlik ili” ilə bağlı ümumi məlumat verib. Baş konsul Ayxan Süleymanlı isə çıxışında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının əhəmiyyətindən bəhs edib, 12 noyabr tarixinin ölkədə Konstitusiya Günü kimi qeyd olunduğunu vurğulayıb. Baş konsul həmçinin Dövlət Suverenliyi Günü ilə bağlı da məlumat verərək qeyd edib ki, 2020-ci ildə başlanmış Vətən müharibəsində əldə olunan Qələbə və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü elan olunub. Ayxan Süleymanlı çıxışında Azərbaycan-Qazaxıstan münasibətlərinə də toxunub, ölkə rəhbərləri və xalqlar arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Tədbirin plenar məruzəçilərindən Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınskinin məruzəsi “Beynəlxalq suverenlik və Azərbaycanın xarici siyasət kursunun Konstitusiya zəmanətləri”, kafedranın müəllimi Eldar Cəfərovun məruzəsi isə “Azərbaycan və Qazaxıstanın xarici siyasi strategiyalarının formalaşmasında mədəniyyətlərarası kommunikasiyanın rolu” mövzusunda olub.

Konfransda Şahmərdan Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, baş konsulluğun əməkdaşları, Türkiyə, Özbəkistan, Türkmənistan və İranın Aktau şəhərindəki baş konsulları, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS