NEWS

Azərbaycan Universitetində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Universitet rəhbərliyi, professor-müəllim heyəti, inzibati heyət üzvləri və tələbələrin iştirak etdiyi tədbirdə Ümummilli Liderin siyasi fəaliyyəti, xilaskarlıq missiyası və müasir Azərbaycan dövlətinin formalaşmasındakı tarixi rolu haqqında məlumat verilib, dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin gücləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. 

Tədbirdə uzun illər Ümimmilli Lider Heydər Əliyevlə birlikdə çalışmış, müstəqil Azərbaycanın ilk baş naziri, Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri, dövlət xadimi, diplomat, tarixçi-alim Həsən Həsənov məruzə ilə çıxış edib. Tələbələr həm qonağın Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini dinləyib, həm də onun dövlət idarəçiliyi və diplomatik fəaliyyət təcrübəsi ilə yaxından tanış olublar.

Məruzədə Ümummilli Liderin ölkənin ən taleyüklü və çətin dövrlərində üzərinə götürdüyü tarixi məsuliyyətdən və formalaşdırdığı dövlətçilik modelinin bu gün də uğurla davam etdirilməsindən bəhs olunub, onun rəhbərliyi altında respublikanın iqtisadi, siyasi və mədəni sahələrdə əldə etdiyi mühüm uğurlar vurğulanıb. Həsən Həsənov çıxışında qeyd edib ki, Heydər Əliyev Azərbaycana iki müxtəlif ictimai-siyasi sistem dövründə rəhbərlik etsə də, hər iki mərhələdə ölkə ağır siyasi, iqtisadi, sosial və təhlükəsizlik çağırışları ilə üz-üzə olub. Həm 1969-cu ildə Azərbaycan SSR rəhbərliyinə gəldiyi dövrdə, həm də müstəqilliyin ilk illərində yaranmış mürəkkəb vəziyyət yalnız Heydər Əliyev kimi uzaqgörən, qətiyyətli və strateji düşüncəyə malik dövlət xadimi tərəfindən aradan qaldırıla bilərdi. Ölkədə xaos, siyasi böhran və parçalanma təhlükəsinin hökm sürdüyü bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider dövlətçiliyi xilas edib, sabitlik yaradıb, hüquqi dövlət quruculuğunun əsaslarını formalaşdırıb və Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirib. Onun siyasi iradəsi, xalqla sıx bağlılığı və milli maraqlara əsaslanan idarəçilik prinsipləri Azərbaycanın ağır böhranlardan çıxaraq sabit inkişaf yoluna qədəm qoymasında həlledici rol oynayıb.

Məruzədə vurğulanıb ki, 1969-cu ildə Azərbaycan keçmiş ittifaq məkanında iqtisadi göstəricilərinə görə geridə qalan respublikalardan biri idi, kənd təsərrüfatı və sənayedə ciddi tənəzzül müşahidə olunurdu. Eyni zamanda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində milli münasibətlər zəminində təhlükəli meyillər formalaşmağa başlayır və bu prosesin qarşısının alınması xüsusi əhəmiyyət daşıyırdı. Heydər Əliyevin gərgin və prinsipial fəaliyyəti nəticəsində erməni millətçilərinin planlarının qarşısı alınıb, qısa müddətdə iqtisadi yüksəliş təmin olunub, sənaye potensialı gücləndirilib, milli kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb və respublikanın ittifaq daxilində nüfuzu əhəmiyyətli dərəcədə artıb. 

Qonaq diqqətə çatdırıb ki, Heydər Əliyevin Moskvada yüksək dövlət və partiya rəhbərliyində fəaliyyət göstərdiyi illər Azərbaycanın beynəlxalq miqyasda tanınması baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz həmin dövrdə formalaşan siyasi nüfuz və etimad müstəqillik illərində Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasını sürətləndirən əsas amillərdən biri olub.

Çıxışda xüsusi vurğulanıb ki, Heydər Əliyev yalnız öz dövrünün problemlərini həll edən lider deyil, həm də dövlətin davamlı inkişafını təmin edən strateji mexanizm yaradan böyük siyasi şəxsiyyətdir. Bu siyasi kurs bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, xüsusilə ordu quruculuğuna göstərilən diqqət Azərbaycanın hərbi qüdrətinin əsasını təşkil edir. 

Qeyd olunub ki, Ümummilli Liderin xilaskarlıq missiyası sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər sayəsində ölkənin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bu uğur Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri və hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir. 

Həsən Həsənov çıxışının ardından tədbir iştirakçılarının dövlət idarəçiliyi, diplomatik təcrübəsi və elmi fəaliyyəti, müəllifi olduğu “Topların gurultusu altında diplomatiya: Azərbaycan Respublikasının ilk diplomatik missiyası” adlı kitabı, o cümlədən Heydər Əliyevin siyasi irsi və Ümummilli Liderlə bağlı xatirələri haqqında çoxsaylı suallarını cavablandırıb. 

Qeyd edək ki, tədbir Humanitar və sosial elmlər fakültəsinin təşkilatçılığı, fakültənin nəzdində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə keçirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS