NEWS
Azərbaycan Universitetində karyera mütəxəssisləri və insan resursları menecerləri ilə görüşlər keçirilib
Biznes və iqtisadiyyat fakültəsinin IV kurs tələbələrinə tədris olunan “Karyera planlaması” fənni çərçivəsində aprel ayı ərzində şirkət rəhbərləri, karyera mütəxəssisləri və insan resursları menecerləri ilə görüşlər təşkil olunub. Görüşlərin məqsədi tələbələrin əmək bazarına sürətli, məqsədyönlü və dayanıqlı inteqrasiyasını təmin etmək, onların praktiki bacarıqlarını gücləndirməklə ilk iş təcrübəsinə keçidi asanlaşdırmaqdır.
İqtisadiyyat və idarəetmə kafedrası ilə Maliyyə və mühasibat kafedrası tərəfindən təşkil olunan tədbirlərdə “MegaSec MMC”, “AV Consulting” şirkətlərinin, “Marriott Boulevard Hotel”in rəhbər və nümayəndələri iştirak edib. Qonaqlar təqdimat və çıxışlarında tələbələr üçün mövcud karyera imkanları, təcrübə proqramları, peşəkar inkişaf imkanları, o cümlədən karyera planlaması barədə faydalı məlumatlar verib, sualları cavablandırıblar.
“MegaSec MMC” şirkətinin icraçı direktoru Ayan Etibar “Karyera planlamasının fəlsəfəsi” mövzusunda interaktiv təqdimatla çıxış edib. Təqdimatda karyera planlamasında “sərt” bacarıqlar (hard skills) və “yumşaq” bacarıqlar (soft skills) balansının qorunmasının əhəmiyyəti vurğulanıb.
“Absheron Hotel Group” ailəsinə daxil olan “Marriott Boulevard Hotel”in İnsan resursları üzrə direktoru Əzizə Əsgərova tələbələrə işə qəbul prosesi və seçim meyarları barədə məlumat verib. Əzizə Əsgərova şirkət daxilində karyera yüksəlişi imkanları və beynəlxalq otel şəbəkəsi üzrə xarici ölkələrə transfer perspektivlərini də izah edib.
Digər görüş “AV Consulting” şirkətinin nümayəndələri ilə təşkil olunub. Şirkətin direktoru Vasif Əliyev rəhbərlik etdiyi müəssisə haqqında tələbələrə məlumat verib. Vasif Əliyev qeyd edib ki, “AV Consulting” mühasibatlıq və audit sahəsində ixtisaslaşmış kadrların hazırlanması, ixtisasartırma proqramlarının təşkili, audit və konsaltinq xidmətləri üzrə fəaliyyət göstərir. Şirkətin nümayəndəsi Rəşad İbrahimov isə “İş axtarma metodları və iş müsahibələrinə hazırlıq” mövzusunda təqdimatla çıxış edib.
Şirkət rəhbərləri və karyera mütəxəssisləri ilə görüşlər interaktiv formatda təşkil olunub. Tədbirlərdə iş dünyasına hazırlıq prosesində məqsədyönlülüyün, maraq və bacarıqlara uyğun uzunmüddətli hədəflərin müəyyənləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, “Karyera planlaması” fənni çərçivəsində şirkət rəhbərləri, karyera mütəxəssisləri və insan resursları menecerləri ilə görüşlər may ayının sonunadək davam edəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi










