NEWS
Azərbaycan Universiteti Mərkəzi Asiya İnnovasiya Universiteti ilə memorandum imzalayıb
Azərbaycan Universiteti beynəlxalq akademik əlaqələrin möhkəmləndirilməsi və yeni tərəfdaşlıqların qurulması istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə Qazaxıstan Respublikasında fəaliyyət göstərən Mərkəzi Asiya İnnovasiya Universiteti (Central Asian Innovation University) ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və Mərkəzi Asiya İnnovasiya Universitetinin rektoru Yerlan Onlassynov imzalayıblar.
Memorandumda qarşılıqlı maraq doğuran istiqamətlərdə birgə əməkdaşlığın həyata keçirilməsi öz əksini tapıb. Sənəd sosial məsuliyyət təşəbbüslərinin dəstəklənməsini, tədris prosesində müasir texnologiyalardan və elmi tədqiqatların nəticələrindən birgə istifadəni, təhsil və texnologiya sahələrində innovasiya fəaliyyətini, tərəflərin nümayəndələrinin iştirakı ilə birgə layihə və tədqiqatların həyata keçirilməsini, konfransların, təlimlərin və seminarların təşkilini nəzərdə tutur.
Yeni əməkdaşlıq memorandumu Azərbaycan Universitetinin beynəlmiləlləşmə strategiyasının mühüm tərkib hissəsi olmaqla birlikdə, universitetin beynəlxalq əlaqələrinin, xüsusilə Türk dünyasının ali təhsil müəssisələri ilə akademik tərəfdaşlığının genişləndirilməsi istiqamətində əhəmiyyətli addımdır.
İctimaiyyətlə əlaqələr şöbəsi
