NEWS

Üç fakültə, üç ulduz: “Ulduz tələbə” layihəsinin yeni qalibləri

Üç fakültə, üç ulduz: “Ulduz tələbə” layihəsinin yeni qalibləri

21 september 2026

Baxış sayı: 6

Tələbələrin inkişafını daim diqqət mərkəzində saxlayan və dəstəkləyən, onların potensialını üzə çıxarmağa yönəlmiş təşəbbüsləri ilə seçilən Azərbaycan Universitetində “Ulduz tələbə” layihəsinin növbəti qalibləri elan olunub. Münsiflər heyətinin qərarına əsasən 2026/2027-ci tədris ilinin payız semestrinin ulduz tələbələri Humanitar və sosial elmlər fakültəsi üzrə Hüseyn İsgəndərov, Biznes və iqtisadiyyat fakültəsi üzrə Günel Əzimova, İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi üzrə isə Alican Mikayılovdur. Hüseyn İsgəndərov uğurunu yeniləyib və ardıcıl olaraq ikinci dəfə “Ulduz tələbə” adına layiq görülüb. 

Hüseyn İsgəndərov Sosial iş ixtisası üzrə IV kurs, Günel Əzimova Marketinq (tədris ingilis dilində) ixtisası üzrə III kurs, Alican Mikayılov İnformasiya texnologiyaları ixtisası üzrə IV kurs tələbəsidir. Yeni Ulduz tələbələrin statusu payız semestri müddətində qüvvədə olacaq və onlar hər ay 100 manat məbləğində təqaüd alacaqlar.

Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Hüseyn İsgəndərovun 2025/2026-cı tədris ilinin yaz semestrində orta müvəffəqiyyət göstəricisi 100-dür. Hüseyn yüksək akademik göstəriciləri ilə seçilir, beynəlxalq təcrübə proqramlarında iştirak edir, ictimai fəaliyyəti ilə fərqlənir, bir neçə elmi məqalənin müəllifidir. Tələbənin son elmi işlərindən biri “Ahıllarla sosial iş sahəsində keys menecmentin struktur əsasları” adlı məqalədir. Hüseyn İsgəndərov müxtəlif dövlət qurumlarının və beynəlxalq təşkilatların layihələrində könüllü kimi iştirak edib və müvafiq sertifikatlarla təltif olunub. Universitetin elmi, sosial və təşkilati layihələrində koordinator və icraçı kimi fəaliyyət göstərib, universitet daxilində və xaricində keçirilən təlim və konfranslarda iştirak edib. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) “4Sİ Akademiyası” çərçivəsində “Coursera” platformasında Sosial iş üzrə müxtəlif kurs və modulları uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə edib. Xarici dil bilikləri və rəqəmsal bacarıqları yüksək səviyyədədir. 

Biznes və iqtisadiyyat fakültəsinin ulduzu Günel Əzimovanın  2025/2026-cı tədris ilinin yaz semestri üzrə orta müvəffəqiyyət göstəricisi 96,7-dir.  Biznes və iqtisadiyyat fakültəsinin nəzdində yeni yaradılmış “The Next-Gen Marketers” klubunun rəhbəri olan tələbə “Pearson English International Certificate” və “World TESOL Academy” tərəfindən təqdim olunan “120-Hour TESOL/TEFL” (Accredited Course Graduate) sertifikatlarına malikdir. Günel Əzimova həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) “4Sİ Akademiyası” çərçivəsində “Coursera” platformasında “Fundamentals of Marketing Strategy”, “Introduction to Marketing”, “Effective Marketing in the Global Marketplace”, “Marketing Analytics: Data Predictions and Dashboards”, “Brand Management: Strategies for a Strong Brand” və “Introduction to Psychology” kurslarını uğurla başa vuraraq müvafiq sertifikatlar əldə edib. “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş esse yarışmasında iştirakına və Azərbaycan Universitetinin Karyera Günü tədbirinin təşkilində könüllü fəaliyyətinə görə sertifikatlarla təltif olunub.

İnformasiya - kommunikasiya texnologiyaları fakültəsinin ulduz tələbəsi Alican Mikayılov 2025/2026-cı tədris ilinin yaz semestrini 92,8 orta müvəffəqiyyət göstəricisi ilə başa vurub. Proqramlaşdırma sahəsində keçirilən müxtəlif yerli və beynəlxalq yarış və tədbirlərdə fəal iştirakı, eləcə də əldə etdiyi nailiyyətləri ilə fərqlənir. O, AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “brend tələbə” layihəsi çərçivəsində 2025-ci ildə Azərbaycan Universitetinin brend tələbəsi seçilib. 

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi (International Collegiate Programming Contest - ICPC) çərçivəsində keçirilən müxtəlif proqramlaşdırma yarışlarında 5 fərqli sertifikatla təltif olunub, müsabiqənin Gürcüstan Respublikasında keçirilən yarımfinal mərhələsində Azərbaycan Universitetini təmsil edib. Şəmkir şəhərində həyata keçirilən “AqroTech” layihəsində iştirak edib.

Alican Mikayılov “Sumqayıt CUP” proqramlaşdırma müsabiqəsində, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (Innovation and Digital Development Agency - IDDA) təşkil etdiyi müsabiqələrdə, “Gamepons” və Yaradıcı Mərkəz tərəfindən təşkil olunan “Turkic Game Jam” beynəlxalq oyunyaratma müsabiqəsinin tədbirlərində, “CyberPulse” komandası tərəfindən Azərbaycan Universitetində keçirilən tədbirdə iştirakına görə müvafiq sertifikatlarla təltif olunub. 

Yeni ulduz tələbələri təbrik edir, onlara yeni uğurlar arzu edirik. 

“Ulduz tələbə” layihəsinə müraciətlərin qəbulu

  • “Ulduz tələbə” layihəsinə müraciət qəbulu tədris ilinin hər semestri üzrə imtahan sessiyasının bitməsindən dərhal sonra elan edilir və müraciətlər təsdiqedici sənədlərlə birgə 5 (beş) iş günü ərzində tələbənin tədris aldığı fakültənin dekanlığına təqdim edilir.
  • Dekanlıq müraciətlər arasından aşağıda qeyd olunan meyarlar üzrə göstəricisi (topladığı bal) ən yüksək olan 3 (üç) namizədi seçir və 5 (beş) iş günü ərzində Münsiflər heyətinə təqdim edir.
  • Münsiflər heyəti növbəti semestrin başlanmasınadək dekanlıqlar tərəfindən təqdim edilən namizədləri dəyərləndirir və seçilmiş tələbələrin siyahısı Rektorun əmri ilə təsdiqlənir.

“Ulduz tələbə”nin seçilməsi meyarları və prinsipləri

  • “Ulduz tələbə”lər bu layihə çərçivəsində yaradılmış və tərkibi Rektorun əmri ilə təsdiqlənən Münsiflər heyəti tərəfindən sadə səs çoxluğu, ədalətlilik və bitərəflik prinsipləri əsasında seçilir və namizədlər aşağıdakı meyarlara əsasən 100 ballıq şkala ilə qiymətləndirilir:
  • Akademik göstəricilərinə görə - 30 bal (bitmiş semestr üzrə GPA 81+ olması, təkrar dərs və ya akademik borcun olmaması);
  • Elmi fəaliyyətinə görə - 20 bal (Beynəlxalq konfransda çıxış və dərc olunmuş məqalə – 10 bal; yerli konfransda çıxış və dərc olunmuş məqalə (tezis)– 5 bal; TEC və digər elmi-tədqiqat qruplarında aktiv iştirak– 5 bal);
  • Sosial və ictimai fəaliyyətinə, xüsusi bacarıqları, nümayəndəlik və liderlik keyfiyyətlərinə görə - 20 bal (Sosial fəaliyyətlərdə aktivliyi, təşəbbüskarlığı və məsuliyyəti ilə seçilən, könüllülük fəaliyyəti və xeyriyyə təşəbbüslərində iştirak, incəsənət sahəsində uğurlar, idman nailiyyətləri və s.);
  • Xarici dil və rəqəmsal bacarıqlarına görə - 20 bal (professional inkişafı üçün universitet öhdəliklərindən əlavə bilik və bacarıqları formalaşdıran təlimlərdə, beynəlxalq təcrübə proqramlarında iştirak, xarici dil üzrə beynəlxalq sertifikat (IELTS (6.0–6.5 – 5 bal; 7.0+ – 10 bal), TOEFL (80–90 – 5 bal; 91+ – 10 bal və s.), İKT üzrə sertifikat);
  • İntizam və nümunəvi davranış - 10 bal (Universitetin tələbələr üçün nəzərdə tutulmuş nizam-intizam qaydalarına riayət etməsi, Universitetin nüfuzuna xələl gətirən, mənəvi dəyərlərinə zidd hərəkətlər etməməsi, müəllim və tələbə kollektivləri arasındakı nüfuz və hörməti və s.).

Eyni bal toplayan namizədlər arasında seçim aşağıdakı ardıcıllığa əsasən aparılır:

  • Akademik göstəricisi daha yüksək olan namizədə üstünlük verilir (GPA göstəricisinə əsasən).
  • Akademik göstəriciləri bərabərdirsə, elmi fəaliyyət balı daha yüksək olan namizəd seçilir.
  • Yuxarıda qeyd edilən hər iki göstərici eyni olduğu halda, Münsiflər Heyətinin səsverməsi əsasında yekun qərar verilir.

Qeyd edək ki, “Ulduz tələbə” layihəsi Azərbaycan Universitetinin Elmi Şurasının qərarı ilə 2025/2026-cı tədris ilinin payız semestrindən başlayaraq icra olunur. Layihə universitetin üzərinə düşən sosial məsuliyyəti dərk edərək və təhsilalanların sosial rifahını yaxşılaşdırmaq siyasətinə uyğun olaraq tələbələrin tədris prosesinə və ictimai fəaliyyətə olan marağının yüksəldilməsi, xüsusi istedadı ilə fərqlənən tələbələrin seçilməsi və tanıdılması məqsədilə həyata keçirilir. “Ulduz tələbə”lər hər imtahan sessiyası başa çatandan sonra semestrin nəticələrinə uyğun olaraq hər fakültə üzrə 1 nəfər olmaqla rektorun əmri ilə təsdiqlənən və ən az 5 üzvdən ibarət olan Münsiflər Heyəti tərəfindən tələbənin akademik göstəriciləri; elmi fəaliyyəti; sosial və ictimai fəaliyyəti, xüsusi bacarıqları, nümayəndəlik və liderlik keyfiyyətləri; xarici dil və rəqəmsal bacarıqları; intizam və nümunəvi davranışına görə seçilir. Layihə bakalavriat tələbələrinə şamil olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS