NEWS

“Xankəndi Sosial İş Qış Məktəbi” fəaliyyətini yekunlaşdırıb

“Xankəndi Sosial İş Qış Məktəbi” fəaliyyətini yekunlaşdırıb

13 february 2026

Baxış sayı: 18

Azərbaycan Universitetinin Xankəndi şəhərində təşkil etdiyi qış məktəbi fəaliyyətini yekunlaşdırıb. “Xankəndi Sosial İş Qış Məktəbi”ndə Azərbaycan Universitetindən 22, Qarabağ Universitetindən 30 tələbə olmaqla ümumilikdə 52 tələbə, Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimləri, Sosial iş üzrə mütəxəssislər iştirak ediblər. 

Layihənin proqramına Sosial işin aktual mövzuları ilə bağlı təlimlərlə yanaşı, ekskursiyalar,  tarixi və mədəni yerlərə ziyarətlər, keçmiş məcburi köçkünlərlə görüşlər də daxil edilib. Sosial iş sahəsinin aktual nəzəri və praktiki aspektlərini əhatə edən təlimlərdə iştirakçılara sosial layihələrin hazırlanması, icrası və monitorinqi üzrə mövzular da tədris olunub.  

Tələbələr dörd gün davam edən qış məktəbi çərçivəsində Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimləri - Ayxan Şahbazsoyun “Post-münaqişə dövründə sosial işdə peşəkar dəyərlər və etik prinsiplər”, Mariya Davidovanın “Emosional zəka: hisslərini tanı, idarə et və yönləndir”, Sara Ağayevanın “Sosial xidmət sahəsində mentorluq və superviziya proqramlarının effektivliyi” və Sosial iş üzrə mütəxəssis Emin Məmmədovun “Şəxsi inkişaf sosial iş kontekstində: planlaşdırma və özünü gücləndirmə” mövzusunda təlimlərində iştirak ediblər. Təlimlər Qarabağ Universitetinin tədris binasında təşkil olunub.

İştirakçılar üçün Xankəndi və Şuşa şəhərlərinə infotur təşkil olunub, həmçinin onlar Xankəndi şəhərinə köçürülmüş keçmiş məcburi köçkünlərlə görüşüblər. Qış məktəbinin son günündə isə Ağdam rayonunun Quzanlı kəndində yerləşən Sosial Xidmət Mərkəzi ziyarət edilib.  

Layihədə iştirak edən tələbələr həm Sosial iş sahəsində bilik və bacarıqlarını artırıblar,  həm də işğaldan azad olunmuş ərazilərə qayıdış prosesinin əhval-ruhiyyəsini yerində yaşayıblar. 

Qeyd edək ki, “Xankəndi Sosial İş Qış Məktəbi” Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubunun təşəbbüsü ilə təşkil olunub. Layihənin məqsədi tələbələrin sosial iş sahəsində bilik və təcrübələrinin artırılması, iştirakçılar arasında təcrübə paylaşımı və şəbəkələşmənin gücləndirilməsi, tarixi-mədəni məkanların ziyarəti və qeyri-formal təcrübələr ilə sosial işin praktik tətbiq imkanlarının zənginləşdirilməsi, eləcə də keçmiş məcburi köçkünlərlə birbaşa ünsiyyət quraraq onların sosial vəziyyətinin öyrənilməsidir.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS