NEWS
Azərbaycan Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olunub
Azərbaycan Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əfzələddin Xaqani Şirvaninin anadan olmasının 900 illiyinə həsr olunan “Xaqani Şirvani – 900: 9 əsrin Xaqanı” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirin məqsədi böyük şairin zəngin ədəbi-fəlsəfi irsinin təbliği, onun Azərbaycan klassik ədəbiyyatının inkişafındakı müstəsna rolunun işıqlandırılması, həmçinin gənc nəsildə milli-mənəvi dəyərlərə və klassik ədəbi irsə marağın artırılması olub.
Tədbirdə Azərbaycan Universitetinin prorektoru Yusif Qasımov, Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov və Tərcümə və filologiya kafedrasının professoru Asif Hacıyev çıxış ediblər. Çıxışlarda Əfzələddin Xaqani Şirvaninin Azərbaycan və ümumilikdə Şərq ədəbiyyatındakı mövqeyi, onun zəngin poetik və fəlsəfi irsi, yaradıcılığının ideya-bədii xüsusiyyətləri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Xaqani Şirvaninin əsərləri əsrlər boyu öz bədii-estetik dəyərini qoruyaraq Azərbaycan mədəniyyətinin və ədəbi fikir tarixinin zənginləşməsində mühüm rol oynayıb.
Tədbirin bədii hissəsində tələbələr tərəfindən Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş təqdimatlar və bədii nümunələr səsləndirilib. Gənclərin klassik ədəbi irsə olan marağı və fəal iştirakı tədbirin əsas diqqətçəkən məqamlarından olub.
Ədəbi-bədii tədbir iştirakçılara Xaqani Şirvaninin zəngin irsinə bir daha nəzər salmaq, böyük şairin yaradıcılığının müasir dövr üçün əhəmiyyətini dəyərləndirmək imkanı yaradıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən Tərcümə və filologiya kafedrası tərəfindən təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi
