Təqaüdlər


Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Fərmanına əsasən mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri, o cümlədən Azərbaycan Universiteti dövlət sifarişinin yerinə yetirilməsində, dövlət sifarişi üzrə tələbə qəbulunun müsabiqəsində iştirak edir. 2018-ci ildən başlayaraq isə Azərbaycan Universitetinin tələbələrinə də qəbulolma formasından asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına təqaüd almaq imkanı yaradılmışdır.

2023-cü ildə Azərbaycan Universitetinin bakalavriat səviyyəsi üzrə 303, magistratura səviyyəsi üzrə isə 50 olmaqla 353 tələbəsinə dövlət büdcəsinin vəsaiti hesabına təqaüd təyin olunub. Təqaüd alan tələbələrdən 109-u Dövlət sifarişi əsasında, 244-si isə ödənişli əsaslarla təhsil alır. Bakalavriat səviyyəsi üzrə təqaüdlərin aylıq məbləği 100, 145 və 175 manat; magistratura səviyyəsi üzrə isə 110, 160, 195 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.


Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd

“Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd” Azərbaycan Universiteti tərəfindən 2016-cı ildə təsis olunub. Təqaüd 2016/2017-ci tədris ilindən başlayaraq birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.

Şəhid Fəxrəddin Qurbanlı haqqında

Fəxrəddin Seyfəddin oğlu Qurbanlı 1994-cü ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olub. Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbi bitirib.

2011-ci ildə Azərbaycan Universitetinin Sosial iş ixtisasına qəbul olub. Əlaçı və nümunəvi tələbə olub. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi, “SOS” Uşaq Kəndləri, UAFA (United Aid For Azerbaijan - Azərbaycana birgə yardım) kimi təşkilat və layihələrdə könüllü kimi işləyib.

2015-ci ildə Sosial iş fakültəsindən üçüncülüklə məzun olub. Həmin ilin iyul ayında hərbi xidmətə yollanıb. 2016-cı il aprel ayının ilk günlərində təmas xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub. Sabunçu rayon Pirşağı qəsəbəsindəki kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.