ELANLAR

Akademik və inzibati heyət üzvləri üçün mübadilə proqramı elan edilir

15
10

Azərbaycan Universitetinin akademik və inzibati heyət üzvləri Polşanın Krakov İqtisadiyyat Universitetində (Krakow University of Economics) mübadilə proqramında iştirak etmək üçün müraciət edə bilərlər.

Akademik heyət üzvləri

Mübadilə proqramında iştirak edən akademik heyət üzvləri Krakov İqtisadiyyat Universitetində ingilis dilində ümumilikdə 8 akademik saat (8 dərs × 45 dəqiqə) mühazirə oxumalıdırlar. Dərslər əsasən beynəlxalq tələbələr üçün nəzərdə tutulur. Mühazirə mövzuları Krakov İqtisadiyyat Universitetinin fəaliyyət istiqamətlərinə, tədris proqramlarına və akademik profilinə uyğun olmalıdır.

İnzibati heyət üzvləri 

İnzibati heyət üzvlərinin mübadilə proqramında iştirakı peşəkar təcrübə mübadiləsini, yeni iş təcrübələrinin öyrənilməsini və müvafiq sahələr üzrə bilik və bacarıqların inkişafını nəzərdə tutur. İştirakçılar öz vəzifə və fəaliyyət profillərinə uyğun olaraq Krakov İqtisadiyyat Universitetinin müvafiq departament və mərkəzlərinin fəaliyyəti ilə tanış olacaq, həmkarları ilə görüşlərdə və təlimlərdə iştirak edəcək, iş proseslərini müşahidə edəcəklər.

Səfərlərin müddəti və təşkili

Mübadilə səfərlərinin 2026–2027-ci illərdə həyata keçirilməsi, bütün mobilliklərin isə 2027-ci ilin dekabr ayınadək tamamlanması nəzərdə tutulur. Krakov İqtisadiyyat Universitetində akademik il oktyabrın əvvəlində başlayır və iyunun ortalarında başa çatır. Universitetdə aşağıdakı dövrlərdə mübadilə səfərləri təşkil edilmir:

  • Oktyabrın ilk iki həftəsi
  • İyun ayı
  • Dekabrın son iki həftəsi (Milad bayramı dövrü)
  • Fevral ayındakı qış tətili
  • Pasxa tətili
  • May ayının ilk və son həftələri

Mübadilə proqramında iştirak etmək istəyən akademik və inzibati heyət üzvləri CV-lərini Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edə bilərlər. Son müraciət tarixi 30 oktyabr 2026-cı ildir.

İctimaiyyətlə əlaqələr şöbəsi