XƏBƏRLƏR
Filologiya tələbələrinin Baba Vəziroğlu ilə görüşü təşkil olunub
Azərbaycan Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) və Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbələrinin Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalında istehsalat təcrübəsi davam edir. Təcrübə çərçivəsində tələbələrin bu dəfə tanınmış nasir, şair, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüşüblər.
Tədbirdə “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, jurnalın şöbə redaktoru Taleh Mənsur, Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri Gülnar Rzayeva, kafedranın baş müəllimi və təcrübə rəhbəri Xəyalə Cəfərova, o cümlədən təcrübədə olan tələbələr iştirak ediblər.
Baba Vəziroğlu görüşdə öz şeirlərini səsləndirib, keçdiyi həyat və yaradıcılıq yolundan söz açıb. Qələmə aldığı nəsr əsərləri, tərcümələri, həmçinin mahnı mətnlərinə çevrilmiş şeirləri haqqında danışıb, tələbələri maraqlandıran suallara cavab verib. Sonda isə tələbələrə özünün "...Qalanı xatirədi" adlı şeirlər kitabını hədiyyə edib.
Qeyd edək ki, istehsalat təcrübəsində olan tələbələrin Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda daha əvvəl yazıçı, tərcüməçi Etimad Başkeçid, tənqidçi, publisist, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, yazıçı, ssenarist və tərcüməçi Əyyub Qiyas, yazıçı Varis, şair, tərcüməçi, esseist Səlim Babullaoğlu, şair Şəhriyar Del Gerani, şair Qəşəm Nəcəfzadə ilə görüşləri təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi