Beynəlxalq İkili Diplom Proqramı

Azərbaycan Universiteti və Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti (XNURE) arasında imzalanan müqaviləyə əsasən kompüter mühəndisliyi istiqaməti üzrə bakalavriat və magistratura səviyyələrində beynəlxalq ikili diplom proqramı tətbiq olunur. 

İkili diplom proqramında iştirak etmək istəyən tələbələrin seçimi müsabiqə yolu ilə aparılır. Proqrama müraciətləri qəbul olunan bakalavriat tələbələri birinci və ikinci tədris ilini Azərbaycan Universitetində, üçüncü və dördüncü tədris ilini isə Xarkov Milli Radioelektronika Universitetində oxuyurlar. Magistratura tələbələri isə birinci tədris ilində Azərbaycan Universitetində, ikinci tədris ilində isə Xarkov Milli Radioelektronika Universitetində təhsil alacaqlar.

Təhsil müddəti bakalavriat pilləsi üçün 4, magistratura pilləsi üçün isə 2 təqvim ilidir. Fənlərin tədrisi ingilis və ya rus dillərində aparılır. Məzun ola bilmək üçün bakalavriat tələbələri AKTS (Avropa Kredit transfer Sistemi) üzrə 240, magistratura tələbələri isə 120 kredit toplamalıdırlar. Qiymətləndirmə sistemi Bolonya prosesinin tələblərinə uyğun həyata keçirilir. 

Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi və ali təhsil müəssisələrinin diplomları təqdim olunur.