XƏBƏRLƏR
Azərbaycan Universitetində “Elin Səsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Mənəviyyat dərsləri” keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi tərəfindən həyata keçirilən “Mənəviyyat dərsləri” layihəsi çərçivəsində Azərbaycan Universitetinin tələbələri üçün layihə ilə eyniadlı dərs keçirilib.
Tədbirdə Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski, kafedranın müəllimi, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov, Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov, Sumqayıt Dövlət Universitetinin Mükəmməllik Mərkəzinin direktoru, tanınmış şərqşünas-pedaqoq Əli Rzazadə, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski tədbirin açılışında çıxış edərək layihənin ideyası, məqsədi və gözlənilən nəticələri barədə məlumat verib. Kafedra müdiri bildirib ki, “Mənəviyyat dərsləri” layihəsi Azərbaycan cəmiyyətində, xüsusilə də gənclər arasında milli-mənəvi və ailə dəyərlərinin qorunmasına, möhkəmləndirilməsinə və bu dəyərlərin təbliği ilə bağlı maarifləndirici işlərin aparılmasına yönəlib.
Tədbirin əsas məruzəçiləri Sumqayıt Dövlət Universitetinin Mükəmməllik Mərkəzinin direktoru, tanınmış şərqşünas-pedaqoq Əli Rzazadə və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov olub. Onların çıxışında milli-mənəvi dəyərlərin gənc nəslin formalaşmasında əhəmiyyəti ön plana çıxarılıb.
Əli Rzazadə məruzəsində milli-mənəvi dəyərlərin cəmiyyətin mənəvi sütunu olduğunu vurğulayıb, bu dəyərlərin yalnız keçmişin irsi deyil, eyni zamanda gələcək nəsillərin inkişafına istiqamət verən yol xəritəsi olduğunu qeyd edib. Əli Rzazadə bildirib ki, qloballaşma şəraitində müxtəlif mədəni təsirlərə məruz qalan gənclər üçün mənəviyyat mövzusu daha da aktuallaşıb. Onun sözlərinə görə, xarici təsirlərin təhlükə və fəsadlarından qorunmaq və milli kimliyi saxlamaq üçün ilk növbədə ailədə və təhsil müəssisələrində sağlam mənəvi mühit formalaşdırılmalıdır.
Abbas Qurbanov isə çıxışında milli-mənəvi dəyərlərin cəmiyyətin sosial-mədəni dayaqları içərisində tutduğu əhəmiyyətli roldan bəhs edib. Onun fikrincə, mənəviyyat anlayışı yalnız fərdi davranışlarla məhdudlaşmır, bu, həm də xalqın tarixi, kimliyi və gələcək perspektivləri ilə bağlı fundamental bir konsepsiyadır. Tarixçi alim qeyd edib ki, Azərbaycanın zəngin tarixi keçmişi yalnız siyasi və hərbi uğurlarla deyil, həm də yüksək mənəvi və mədəni dəyərlərlə zəngindir. Abbas Qurbanov bu baxımdan ailə, vətənə bağlılıq, dini-mənəvi dünyagörüşü və elmə hörmət kimi dəyərləri xüsusi qeyd edərək vurğulayıb ki, bu dəyərlərin nəsildən-nəslə ötürülməsi cəmiyyətin sabitliyini və inkişafını təmin edən əsas faktorlardandır.
Tədbirin sonunda universitetin Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov da çıxış edərək layihənin əhəmiyyətindən bəhs edib və bu kimi təşəbbüslərin gənclərin mənəvi inkişafına verdiyi töhfələri qeyd edib.
Sonda tədbirdə iştirak edən tələbələrə “Elin Səsi” İctimai Birliyi tərəfindən hazırlanan və milli-mənəvi mövzuda yazılmış hekayələr toplusu olan “Mənəviyyat axtarışında” kitabı hədiyyə edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan cəmiyyətində, xüsusilə gənclər arasında milli-mənəvi və ailə dəyərlərinin təbliği, bu dəyərlərin qorunması və möhkəmləndirilməsi, eyni zamanda xoşagəlməz halların qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır. Layihə dövlətin gənclərin tərbiyəsində milli-mənəvi dəyərlərə önəm verən siyasətinə ictimai dəstək məqsədi daşıyır.
İctimaiyyətlə əlaqələr şöbəsi