XƏBƏRLƏR

Azərbaycan Universitetinin müəllimləri Azərbaycan - Qazaxıstan Yay Gənclər Məktəbində iştirak ediblər

Azərbaycan Universitetinin müəllimləri Azərbaycan - Qazaxıstan Yay Gənclər Məktəbində iştirak ediblər

25 iyun 2025

Baxış sayı: 103

Azərbaycan Universitetinin əməkdaşları Qazaxıstanın Aktau şəhərində yerləşən Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində keçirilən Azərbaycan - Qazaxıstan Yay Gənclər Məktəbində iştirak ediblər. Tədbir universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Mərkəzinin təşəbbüsü, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun dəstəyi ilə baş tutub.

“Azərbaycan və Qazaxıstan: Konstitusiya və Suverenlik İlində əlaqələrin möhkəmləndirilməsi” mövzusuna həsr olunan Yay məktəbində Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski və kafedranın müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov tələbələr üçün mühazirələr oxuyublar. Mühazirələr Azərbaycan tarixi və mədəniyyəti, iki ölkə arasında diplomatik münasibətlərin inkişaf perspektivləri, Xəzər dənizinin siyasi əhəmiyyəti, konstitusiya quruculuğu, suverenlik tarixi və mədəniyyətlərarası dialoq kimi mövzulara həsr olunub. 

Yay məktəbi çərçivəsində iştirakçılar müasir qazax ədəbiyyatının tanınmış nümayəndələrindən Abiş Kekilbayevin adını daşıyan muzeyi ziyarət edib, həmçinin Xəzər dənizində ekskursiyada iştirak ediblər. 

Yay məktəbi gənclərə Azərbaycan və Qazaxıstanın tarixini, mədəniyyətini və ictimai həyatını daha dərindən tanımaq imkanı yaradıb.

Məktəbin sonunda keçirilən təntənəli bağlanış mərasimində Azərbaycan, Türkiyə, Özbəkistan və Türkmənistanın baş konsulları iştirak ediblər. Tədbirdə  Azərbaycan Universitetinin nümayəndələri Elvin Talışınski və Eldar Cəfərov Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov, Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı və Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov tərəfindən fəxri fərmanla təltif olunublar.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR