XƏBƏRLƏR

Azərbaycan Universitetinin MBA məzunu Rəvan İdrislinin uğuru

Azərbaycan Universitetinin MBA məzunu Rəvan İdrislinin uğuru

20 fevral 2026

Baxış sayı: 162

Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti arasında həyata keçirilən Beynəlxalq İkili Diplom Proqramının ilk tələbəsi Rəvan İdrisli proqramı fərqlənmə ilə bitirib. Ona Tuscia Universitetinin də magistr diplomu təqdim olunub. 

2023-2025-ci illərdə MBA proqramının tədrisi ingilis dilində aparılan marketinq ixtisaslaşması üzrə təhsil alan Rəvan İdrisli proqramın ilk tələbəsi və ilk məzunu olaraq Azərbaycan Universitetinin tarixinə düşüb. O, təhsilini İtaliyada Degli Studi Gabriele d'Annunzio di Chieti-Pescara Universitetində fəlsəfə doktoru proqramı üzrə davam etdirəcək. 

Beynəlxalq İkili Diplom Proqramına seçilən ikinci tələbə isə İlqar Məmmədovdur. O, ikinci tədris ilinin son semestrini İtaliyanın Tuscia Universitetində oxuyacaq. İlqar Məmmədova təhsil proqramını uğurla başa vuracağı təqdirdə müvafiq ixtisas üzrə magistr dərəcəsi veriləcək, ona Azərbaycan və Tuscia universitetlərinin diplomları təqdim olunacaq.

Beynəlxalq İkili Diplom Proqramı Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti arasında imzalanmış müqavilə ilə 2023-cü ildə təsis olunub. Müddəti 2 il olan proqram 3+1 modelinə əsaslanır. Proqrama qəbul olan tələbələr I, II və III semestrlərdə Azərbaycan Universitetində, IV semestrdə isə İtaliyanın Tuscia Universitetində təhsil alırlar. Tələbələr İtaliyanın Tuscia Universitetində təhsil aldıqları dövrdə tam təqaüdlə təmin olunurlar. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə magistr dərəcəsi verilir, Azərbaycan və Tuscia universitetlərinin diplomları təqdim olunur. 

Qeyd edək ki, Rəvan İdrisli Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevaya və universitet kollektivinə məktub ünvanlayıb. Məktubda qeyd olunur: 

“Hörmətli Azərbaycan Universiteti rəhbərliyi,

Böyük məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, mən Tuscia Universitetini fərqlənmə diplomu ilə bitirmişəm. İlk növbədə, universitetimizin tələbələrinə belə dəyərli proqramlarda iştirak imkanı yaratdığı üçün hörmətli rektor Səadət xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Həmçinin, İtaliyadakı təhsilim müddətində prosesin başlanğıc mərhələsindən uğurla tamamlanmasına qədər daim dəstək və qayğı göstərən Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Elmira İsmayılova və Sevlan Qurbanovaya, eləcə də rektorun müşaviri Nüşabə Quliyevaya təşəkkür edirəm. Bu gün birgə səylərimizin nəticəsini görürük və bu, qürurla qeyd edə biləcəyimiz bir uğurdur.

Eyni zamanda məmnunluqla bildirirəm ki, mən akademik fəaliyyətimi İtaliyada Degli Studi Gabriele d'Annunzio di Chieti-Pescara Universitetində fəlsəfə doktoru proqramı üzrə davam etdirəcəyəm. Bu yeni mərhələ də məhz ikili diplom proqramı çərçivəsində yaradılmış möhkəm təməlin nəticəsidir. İnanıram ki, əlaqələrimiz daha da möhkəmlənəcək və gələcəkdə daha böyük dəyərlər yaradacağıq.

Bir daha tələbələrə təqdim etdiyiniz imkanlara, eləcə də göstərdiyiniz diqqət və fasiləsiz dəstəyə görə səmimi təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz Tuscia Universitetində əldə etdiyim akademik uğurların hərəkətverici qüvvələrindən biri olmuşdur”.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR