XƏBƏRLƏR
ACM ICPC müsabiqəsinin Azərbaycan Universiteti üzrə kvalifikasiya turu keçirilib
Azərbaycan Universitetində İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi tələbələrinin ACM ICPC (International Collegiate Programming Contest) Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin 47-ci dünya çempionatının kvalifikasiya turunun yarışları keçirilib.
Onlayn formatda təşkil olunan yarışda hər birində 3 tələbə olmaqla 15 komanda iştirak edib. Tapşırıqlar respublika üzrə mərkəzləşmiş qaydada qeydiyyatdan keçmiş komandaların profillərinə göndərilib. 5 saat davam edən yarışda komandalar bu vaxt ərzində təqdim olunmuş 12 olimpiada tapşırığını yerinə yetirməli olublar.
Qeyd edək ki, kvalifikasiya mərhələsində iştirak edən 4 yaxud 5 komanda müsabiqənin növbəti ¼ final mərhələsinə vəsiqə qazana bilər. Növbəti mərhələyə vəsiqə qazanan komandalarımızı təbrik edir, müsabiqədə universitetimizi layiqincə təmsil etmələrini arzu edirik.
İctimaiyyətlə əlaqələr şöbəsi