XƏBƏRLƏR

Azərbaycan Universitetinin akademik məsləhətçiləri TTKF-nin təlimində iştirak edib

Azərbaycan Universitetinin akademik məsləhətçiləri  TTKF-nin təlimində iştirak edib

21 noyabr 2025

Baxış sayı: 212

Azərbaycan Universitetinin akademik məsləhətçiləri Aysel Həmidova, Elzadə Sadiqova və Əsmər Nüsrətli Təhsil Tələbə Krediti Fondunun (TTKF) təşkilatçılığı ilə keçirilən “Təhsil tələbə kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlimdə iştirak ediblər.

Təlimin əsas məqsədi ttkf.edu.az portalının funksionallığının izahı, istifadə zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması, məsul şəxslərin nəzəri və praktiki hazırlığının gücləndirilməsi və sistemdən daha effektiv istifadə bacarıqlarının artırılması olub.

Dörd gün davam edən tədbirdə fondun 4 illik fəaliyyəti, həyata keçirilən layihələr, kredit mexanizminin əhatə dairəsi, portaldan istifadə qaydaları, müraciətlərin qeydiyyatı və idarə edilməsi, emal prosesində nəzərə alınmalı tələblər, eləcə də texniki problemlərin operativ həlli üsulları, qeydiyyat prosesinin səmərəliliyinin artırılması, ÜOMG-lərin (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) sistemə çevik və düzgün şəkildə daxil edilməsi, məlumatların dəqiqliyinin təmin olunması istiqamətində görülən işlər barədə geniş məlumat verilib.

Qeyd olunub ki, təhsil tələbə kreditlərindən yararlanmış uğurlu tələbələrin üzə çıxarılması, onların təhsil və karyera inkişafına dair uğur hekayələrinin hazırlanması və ictimaiyyətə təqdim edilməsi həm kredit mexanizminin şəffaf şəkildə tanıdılmasına, həm də digər gənclərin maarifləndirilməsinə mühüm töhfə verir.

Tədbirin sonunda təlimi uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunub. Bildirilib ki, gələcəkdə də təhsil müəssisələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və portal üzrə iş bacarıqlarının artırılması məqsədilə bu kimi görüşlərin mütəmadi şəkildə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, proqramda ali, orta ixtisas və peşə təhsili müəssisələri tərəfindən  e-ttkf.edu.az portalı üzrə təyin olunmuş 108 nəfər məsul şəxs iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR