XƏBƏRLƏR

Bədii qiraət klubunda Alber Kamünün “Yad” romanı müzakirə olunub

Bədii qiraət klubunda Alber Kamünün “Yad” romanı müzakirə olunub

29 aprel 2025

Baxış sayı: 277

Tərcümə və filologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Voice of Books” (Kitabların səsi) bədii qiraət klubunun növbəti görüşü keçirilib. Bu dəfəki görüşdə fransız yazıçı Alber Kamünün məşhur “Yad” romanı müzakirə olunub. Tədbirdə Azərbaycan Universitetinin tələbələri ilə yanaşı, Humanitar və sosial elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin dəvəti ilə Azərbaycan Turizm və Menecment Universitetinin bir qrup tələbəsi də iştirak edib.

Görüşü klubun fəal üzvlərindən Sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbəsi Cansu Nəzərova açaraq müzakirə olunacaq əsər haqqında yığcam məlumat verib. Ardınca kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva çıxış edərək Alber Kamünün yaradıcılığına qısa nəzər salıb, romanın fəlsəfi və ədəbi dəyərindən bəhs edib. Kafedranın müəllimi Emiliya Əliyeva isə Alber Kamünün ədəbi irsindən və “Yad” romanının məzmun xüsusiyyətlərindən danışıb. O, əsərdəki incə detalların bədii və fəlsəfi çalarlarını təhlil edərək, iştirakçıların diqqətinə çatdırıb. 

Görüşün əsas hissəsində tələbələr romanın fəlsəfi dərinliyini, absurdizm və özgələşmə kimi mühüm mövzuları maraqla qarşılayıb, bu istiqamətlərdə fikir mübadiləsi aparıb, əsərin fəlsəfi məqamlarını, fərd və cəmiyyət arasındakı münasibətlərin müəllif tərəfindən necə təsvir olunduğunu müzakirə ediblər. Diskussiya interaktiv şəkildə davam edib, tələbələrin müxtəlif fikir və təhlillərlə bir-birini tamamlaması, əsərə fərqli baxış bucaqlarının səsləndirilməsi ilə yadda qalıb.

Görüşün sonunda yazıçı, dramaturq və Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin növbəti klub toplantısında müzakirəyə çıxarılması qərara alınıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR