XƏBƏRLƏR

Azərbaycan Universitetinin əməkdaşları TKTA seminarında iştirak edib

Azərbaycan Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova və şöbənin mütəxəssisi Səkinə Nadirova Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) ali təhsil müəssisələrinin (ATM) akkreditasiya prosesinə hazırlıq səviyyəsinin artırılması məqsədilə təşkil etdiyi seminarda iştirak ediblər. Bakı Dövlət Universitetində keçirilən “Keyfiyyətə doğru addım: akkreditasiya prosesinə hazırlıq” mövzusunda ikigünlük seminarda Azərbaycanın 40 ali təhsil müəssisəsindən 84 keyfiyyət təminatı üzrə mütəxəssis iştirak edib. 

Seminarın açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və TKTA İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edərək akkreditasiya prosesinin  spesifikası və əhəmiyyəti barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər. 

Tədbirin ilk günündə “Akkreditasiya prosesində ATM-lərin və ekspertlərin rolu” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə ali təhsil müəssisələrinin nümayəndələri və akkreditasiya prosesinə cəlb olunmuş ekspertlər, o cümlədən  Azərbaycan Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova iştirak edib. Paneldə Akkreditasiya zamanı müşahidə olunan ATM-lərin güclü və zəif tərəfləri, ATM-də keyfiyyət mədəniyyətinin formalaşmasında akkreditasiyanın rolu, İnsitusional və proqram akkreditasiyaları arasında oxşarlıq və fərqlər, Akkreditasiyanın yoxlama deyil qiymətləndirmə olması və ATM tərəfindən özünütəhlil hesabatının hazırlanmasına dair tövsiyələr kimi məsələlərə dair müzakirələr aparılıb. 

Tədbirin ikinci günündə isə agentlik əməkdaşları tərəfindən  “Uğurlu akkreditasiya prosesini şərtləndirən əsas amillər” və “Akkreditasiya üzrə özünütəhlil hesabatının hazırlanması: əsas prinsiplər və ATM-lər tərəfindən tez-tez təkrarlanan səhvlər” mövzularında iştirakçılarla açıq müzakirələr təşkil olunub. 

Qeyd edək ki, seminarın əsas məqsədi ali təhsil müəssisələrinin insititusional və proqram akkreditasiyasına hazırlıq səviyyəsini artırmaq, onlara metodoloji dəstək göstərmək və akkreditasiya prosesinin uğurla təşkil edilməsi üçün zəruri təcrübələri paylaşmaqdan ibarətdir. TKTA öz Nizamnaməsinə uyğun olaraq mütəmadi olaraq təhsil müəssisələrinin akkreditasiyasının tələblərə uyğun həyata keçirilməsi üçün təlimlər təşkil edir və metodiki dəstək göstərir.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR