XƏBƏRLƏR
Azərbaycan Universitetində Zəfər Günü qeyd olunub
Azərbaycan Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl Qarabağ münaqişəsinin tarixi xronikasını əks etdirən “44” fotosərgisinə baxış olub.
Universitetin kollektivi, şəhid məzunlarının ailə üzvləri, müharibə iştirakçısı tələbələrin və qonaqların iştirak etdiyi tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Uuniversitetin rektoru Səadət Əliyeva tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Rektor qeyd edib ki, bir il bundan əvvəl xalqımız və ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müqəddəs amal uğrunda səfərbər olaraq torpaqlarımızın işğaldan qurtarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən Müharibəsinə başlayıb. 44 gündə qazanılan şanlı zəfər Azərbaycan Ordusunun şücaəti, qazilərimizin sağlamlığı və şəhidlərimizin qanı bahasına əldə olunub. Münaqişənin dinc yolla həllini 30 il gözləyən xalqımız dözümü ilə dünyanın ən sülhsevər xalqı olduğunu sübut edib. Səbri tükənəndə isə tarixin ən müasir və ən ədalətli müharibəsini aparıb.
Səadət Əliyeva çıxışında bildirib ki, Azərbaycan Universitetinin tələbə və məzunları da həm Aprel döyüşlərində, həm də Vətən Müharibəsində döyüşərək igidliklikləri, şücaətləri və Vətənə sevgiləri ilə fərqləniblər. Rektor deyib: “Aprel döyüşləri ilə başlayan, Vətən Müharibəsi ilə davam edən Zəfər yürüşünü qələbə ilə başa çatdıran şəhidlərimizi dərin ehtiramla yad edirəm, qazilərimizə Tanrıdan şəfa diləyirəm. Vətən Müharibəsi iştirakçılarına dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Universitetinin kollektivi adından şəhid valideynlərinin qarşısında baş əyirəm. Bizim və bizdən sonrakı nəsillərin onların qarşısında böyük mənəvi borcu var”.
Daha sonra universitetin qonaqları, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, professor Vüqar Rəhimzadənin “Vətən Müharibəsində möhtəşəm qələbənin memarları”, hərbi ekspert Ədalət Verdiyevin “44 günlük Vətən Müharibəsində ilklər” mövzularında çıxışları dinlənilib. Tədbirdə şəhidlərin ailə üzvləri və universitetin müharibə iştirkçısı tələbələri də çıxış edərək ürək sözlərini və xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Sonda universitet tərəfindən şəhid tələbə və məzunları – Əli Nəcəfov, Mirsüleyman Süleymanov və Rəşad Nadirovun xatirəsinin yaşadılması məqsədilə hazırlanan “Şəhidlər ölmür” adlı kitabça onların ailə üzvlərinə təqdim olunub. Vətən Müharibəsi iştirakçısı tələbələrə isə universitet kollektivi minnətdarlığını xatirə lövhəsi ilə ifadə edib.
Şəhid tələbə və məzunlarımız
- Fəxrəddin Seyfəddin oğlu Qurbanlı – Aprel şəhidi
- Əli Seyran oğlu Nəcəfov – Vətən Müharibəsi şəhidi
- Mirsüleyman Aydın oğlu Süleymanov - Vətən Müharibəsi şəhidi
- Rəşad Nadim oğlu Nadirov – Vətən Müharibəsi şəhidi
Ruhları şad olsun!
Vətən Müharibəsi iştirakçısı tələbələrimiz
- Cəfərov Fərid Rza oğlu oğlu
- İsmayılov Rəvan Rabəddin oğlu
- Nəzərov Nəcməddin Məmməd oğlu
- Mahmudov Elşad Haqverdi oğlu
- Mirzəyev İlahi İlqar oğlu
- Yusubov İmanverdi Səməndər oğlu
- Mürsəlov Mahmud İslam oğlu
- Səlimov Əliağa Həsrət oğlu
- Abdukərimov Gündüz Nizami oğlu
- Kərimov Toğrul Ədalət oğlu
- Şirəliyev Ruslan Saleh oğlu
- Vəliyev Cavid Əyyub oğlu
- Mədinov Elvin Mikayıloviç
İctimaiyyətlə əlaqələr şöbəsi
08.11.2021