XƏBƏRLƏR

Azərbaycan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək

Azərbaycan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək

02 oktyabr 2026

Baxış sayı: 16

Azərbaycan Universiteti regionun ən böyük kitab festivallarından biri olan XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək. Universitetin nəşrləri ilə tanış olmaq istəyənlər sərgidə Azərbaycan Universitetinin stendini ziyarət edə biləcəklər. 

“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan sərgi 21-27 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərginin fəxri qonağı dünya şöhrətli yazıçı Pərinuş Sənii olacaq və 25 oktyabr 2026-cı il tarixində saat 12:00-12:45-də oxucularla görüşəcək.

Bir həftə davam edəcək sərgidə müxtəlif ölkələrdən nəşriyyatlar, kitabsevərlər, yazıçılar və ədəbiyyat mütəxəssisləri bir araya gələcək. Tədbir çərçivəsində dünyaca tanınmış yazar və tədqiqatçı-alimlərin iştirakı ilə təqdimatlar, "Ekransız bir saat" mütaliə aksiyaları, müzakirələr və ədəbi-bədii proqramlar, oxu vərdişini təşviq edən hədiyyəli kampaniyalar təşkil olunacaq.

Sərginin əsas məqsədi kitaba marağın artırılması, mütaliə mədəniyyətinin gücləndirilməsi və uşaqların faydalı vərdişlərə təşviq olunmasıdır. Həmçinin, sərgidə çoxsaylı yerli və beynəlxalq nəşriyyatlar, poliqrafiya müəssisələri, kitab mağazaları və sahəvi yaradıcılıq təşkilatları da iştirak edəcək.

Qeyd edək ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Oxucular sərgiyə ziyarətçi qismində qatıla biləcəklər.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR