XƏBƏRLƏR

Azərbaycan Universiteti Tuscia Universiteti ilə ikili diplom proqramına başlayır

Azərbaycan Universiteti Tuscia Universiteti ilə ikili diplom proqramına başlayır

26 yanvar 2023

Baxış sayı: 5446

Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti arasında Marketinq ixtisası üzrə birgə MBA proqramının həyata keçirilməsi məqsədilə müqavilə imzalanıb. Beynəlxalq ikili diplom proqramında iştirak etmək istəyən tələbələrin seçimi müsabiqə yolu ilə aparılacaq. Müraciət edən tələbələrin qiymətləndirilməsi və seçimi onların akademik göstəriciləri və ingilis dilini bilmə səviyyəsinə əsaslanacaq.  Yerli və xarici tələbələrə açıq olan magistratura proqramında dərslər hər iki ali təhsil müəssisəsinin professorları tərəfindən tədris ediləcək.

Təhsil müddəti 2 təqvim ilidir. Proqrama müraciətləri qəbul olunan magistratura tələbələri  birinci tədris ilində Azərbaycan Universitetində, ikinci tədris ilində isə İtaliyanın Tuscia Universitetində təhsil alacaqlar. Fənlərin tədrisi ingilis və italyan dillərində aparılacaq.  

İkili Diplom Proqramında iştirak edəcək tələbələrin sayı əvvəlki ilin fevral ayında müəyyən edilir. Proqrama qəbul olunmuş tələbələr minimum “B1/B2+” ingilis dili səviyyəsinə malik olmalıdırlar. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə magistr dərəcəsi və ali təhsil müəssisələrinin diplomları təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Universitetinin beynəlxalq ikili diplom proqramlarının sayı 2-yə çatıb. Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti (XNURE) ilə imzalanan müqaviləyə əsasən kompüter mühəndisliyi istiqaməti üzrə bakalavriat və magistratura səviyyələrində beynəlxalq ikili diplom proqramı tətbiq olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR