XƏBƏRLƏR
Azərbaycan Universiteti növbəti beynəlxalq konfransa hazırlaşır
Azərbaycan Universitetində 24-25 noyabr 2023-cü il tarixlərində “Social Work & Social Research” (Sosial iş və sosial tədqiqatlar) beynəlxalq konfransı keçiriləcək. Beynəlxalq tədbirin məqsədi bu sahədə çalışan tədqiqatçıların sosial iş və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirəsinə qoşulması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların, sosial təcrübələrin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsidir. Rəsmi dili ingilis dili olan konfransda böhran dövründə sosial iş təcrübəsi, sosial iş təhsilinin inkişafı, bu sahədə beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi və digər bu kimi məsələlərin müzakirəsi üçün elmi platforma təqdim ediləcəkdir.
ABŞ-ın Sent-Luis Vaşinqton Universiteti, Türkiyənin Sakarya Universiteti və Sosial Tədqiqatlar Mərkəzi ilə birgə təşkil olunan konfransa tezislərin göndərilməsi üçün son tarix 30 avqust 2023-cü ildir.
Konfransın bölmə iclaslarında Sosial iş təhsili sahəsində səriştələrin, yeni bacarıqların və qlobal standartların yaradılması; Davamlı inkişaf və sosial iş təhsili; Sosial iş təhsilində rəqəmsallaşma və İKT; İctimai səhiyyə böhranı; Müharibədən zərərçəkənlər və hərbçilərlə sosial iş; Həssas qruplar və sosial müdafiə kimi mövzuların müzakirəsi planlaşdırılır.
Konfrans haqqında daha ətraflı məlumatı keçidə daxil olmaqla əldə etmək mümkündür.
https://au.edu.az/en/confrances/social-work-and-social-research
İctimaiyyətlə əlaqələr şöbəsi