XƏBƏRLƏR
Azərbaycan Universiteti turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin I görüşündə təmsil olunub
Azərbaycan Universitetinin Maliyyə və və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi və kafedranın müəllimi Qəhrəman Yusupov İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin I görüşündə iştirak ediblər. Əməkdaşlarımız Dövlət Turizm Agentliyi və İƏT tərəfindən birgə təşkil olunan tədbirin panel müzakirələrində turizm təhsilinin məzmun və keyfiyyət baxımından yaxşılaşdırılması istiqamətində bir sıra təkliflərlə çıxış ediblər.
Görüşün məqsədi turizm təhsili təqdim edən yerli və xarici ali təhsil müəssisələrinin bilik və təcrübə mübadiləsi aparmalarının asanlaşdırılmasıdır. 4-5 dekabr 2023-cü il tarixlərində Bakıda keçirilən tədbirdə İƏT-ə üzv olan 9 ölkənin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran və Pakistan) turizm üzrə aidiyyəti dövlət qurumlarının, turizm təhsili müəssisələrinin, həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edir.
Tədbirin birinci günündə “Dövlət, təhsil və sənayenin əlaqələndirilməsi: turizm təhsilində ən yaxşı təcrübələr”, “Kurrikulum tərtibatı: gələcək tələbat üçün turizm təhsilinin yaxşılaşdırılması”, “İnnovasiya və texnologiya: turizm təhsilində yeni trendlər” mövzusunda panel müzakirələr keçirilib. Bu gün isə təşkilata üzv ölkələr arasında turizm təhsili üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi və turizm təhsili müəssisələrinin vahid şəbəkəsinin yaradılması mövzularında dəyirmi masanın təşkili, eləcə də turizm təhsilinə aid müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və ilk dəfə təşkil olunan bu görüşün davamlı keçirilməsi niyyətinin əks olunduğu “Bakı Bəyannaməsi”nin qəbulu nəzərdə tutulub.
İctimaiyyətlə əlaqələr şöbəsi