XƏBƏRLƏR
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
Azərbaycan Universitetində Dünya Sosial İş Günü münasibətilə ənənəvi peşə həmrəylik tədbiri keçirilib. Tədbiri Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən Şəhid Sosial işçi Fəxrəddin Qurbanlı adına “Könüllülər” klubunun üzvləri təşkil edib. Tədbirdə kafedranın nəzdində fəaliyyət gösətərn digər tələbə klubu – “Empatiya” klubunun yeni sədri tələbələrə təqdim olunub.
Tədbiri Sosial işin təşkili kafedrasının müdiri, p.ü.f.d. Tünzalə Verdiyeva açaraq günün mahiyyəti haqqında məlumat verib və tələbələrin peşə bayramını təbrik edib. Kafedra müdiri bildirib ki, hər il bir mövzuya həsr olunan Dünya Sosial İş Günü bu il “Birgə sosial fəaliyyət vasitəsilə müxtəlifliyə hörmət” şüarı altında keçirilir və 21 mart tarixinə təsadüf edir. Humanitar fənlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov tədbir iştirakçılarını qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Çıxışlarda “Empatiya” klubunun əvvəlki sədri, sosial iş ixtisası üzrə IV kurs tələbəsi Məhəmməd Ələkbərovun fəaliyyəti yüksək yüksək qiymətləndirilib.
Ardınca Məhəmməd Ələkbərov və klubun yeni sədri Sosial iş ixtisası üzrə II kurs tələbəsi Samirə Baxşəliyeva kürsüyə dəvət olunub. Yeni sədr ona göstərilən ehtimadı doğruldacağını bildirib.
Tədbir, Şəhid Sosial işçi Fəxrəddin Qurbanlı adına “Könüllülər” klubunun üzvü, Sosial iş ixtisası üzrə təhsil alan III kurs tələbəsi Əhməd Nəzərlinin “Sosial işin fərdi inkişafımızda rolu” adlı təqdimatı ilə yekunlaşıb.
Qeyd edək ki, Dünya sosial iş günü sosial işçilərin həyata keçirdiyi fəaliyyəti, cəmiyyətin inkişafına verdiyi töhfələri vurğulamaq, xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin mövcud olduğunun vacibliyini yada salmaqdır. Hər il mart ayının üçüncü çərşənbə axşamı qeyd olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi