XƏBƏRLƏR

Azərbaycan və Fırat universitetlərinin rektorları arasında görüş olub

Azərbaycan və Fırat universitetlərinin rektorları arasında görüş olub

12 iyun 2024

Baxış sayı: 266

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva ilə Türkiyənin Fırat Universitetinin rektoru Fahrettin Göktaş arasında onlayn görüş keçirilib. Görüşdə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov və rektorun müşaviri Nüşabə Quliyeva da iştirak edib. 

Görüşdə ali təhsil müəssisələri arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması barədə razılıq əldə olunub, həmçinin qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycan Universitetinin evsahibliyində keçiriləcək “Social Work & Social Research” (Sosial iş və sosial tədqiqat) beynəlxalq konfransının ikincisinin Fırat Universitetinin həmtəşkilatçılığı ilə birgə keçirilməsi razılaşdırılıb. 

Onlayn görüşdə qeyd olunub ki, imzalanacaq anlaşma memorandumunda Azərbaycan Universiteti ilə Fırat Universiteti arasında tələbə-müəllim mübadiləsinin; birgə tədqiqat, layihə, konfrans və elmi tədbirlərin həyata keçirilməsi, ortaq elmi jurnalın təsis olunması kimi əməkdaşlıq istiqamətləri də öz əksini tapacaq. 

Tərəflər qurulan əməkdaşlığın məhsuldar olacağına, təcrübə və bacarıqların birləşdirilməsinin Türkiyə ilə Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin gücləndirilməsinə böyük töhfə verəcəyinə əminliklərini ifadə ediblər. 

Qeyd edək ki, “Social Work & Social Research” beynəlxalq konfransının birincisi 24-25 noyabr 2023-cü il tarixlərində Azərbaycan Universitetinin təşkilatçılığı və evsahibliyində, ABŞ-ın Sent-Luis Vaşinqton Universiteti, Türkiyənin Sakarya Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin həmtəşkilatçılığı ilə keçirilib.  Konfransın ikincisinin isə 6-7 dekabr 2024-cü il tarixlərində keçirilməsi planlaşdırılır. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR