XƏBƏRLƏR

Azərbaycan Universitetində “Azərbaycanda sosial siyasət və Heydər Əliyev” mövzusunda tədbir keçirilib

Azərbaycan Universitetində  “Azərbaycanda sosial siyasət və Heydər Əliyev” mövzusunda tədbir keçirilib

24 may 2023

Baxış sayı: 1022

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan daha bir tədbir keçirilib. Sosial işin təşkili kafedrasının təşkilatçılığı ilə keçirilən tədbir “Azərbaycanda sosial siyasətin formalaşmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusuna həsr olunub. 

Tədbiri giriş sözü ilə kafedranın müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva açıb. Kafedra müdiri xatırladıb ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr  2022-ci il tarixli Sərəncamını rəhbər tutaraq və Azərbaycan Universitetinin “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq təşkil olunub. Tünzalə Verdiyeva qeyd edib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çoxşaxəlidir və misilsizdir. Ulu öndər Azərbaycan xalqına demokratik və hüquqi dövlət miras qoyub. Ədalətli və humanist sosial siyasətə nail olmaq onun sosial siyasətinin əsas prinsipi olub. 

Ardınca kafedranın professoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev “Heydər Əliyevin sosial müdafiə strategiyası” mövzusunda çıxış edib. Mayis Əliyev bildirib ki, ulu öndər Heydər Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi və Azərbaycan xalqının sosial rifahının artırılması başlıca məqsəd kimi qarşıya qoyulub. 

Sosial işin təşkili kafedrasının müəllimi Nigar Şahhüseynbəyovanın çıxışı “Heydər Əliyevin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi qadın hüquqlarının müdafiəsi” mövzusuna həsr olunub. Nigar Şahhüseynbəyova Heydər Əliyevin Azərbaycana rəhbərliyinin  bütün dövrlərində qadın problemlərinə xüsusi diqqət yetirdiyini və onların hüquqlarının müdafiəçisinə çevrildiyini vurğulayıb.  

Tələbələrlə iş şöbəsinin müdiri Həlimə Məmmədova həssas tələbə kontingentinin sosial müdafiəsi üzrə dövlət təminatı haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, onun layiqli davamçısı, ölkə başçısı, cənab Prezident İlham Əliyev həssas qrupa aid tələbə kontingentinin müdafiəsini daim diqqətdə saxlayır. “Startup Layihələrə Sosial-iqtisadi Dəstək” İctimai Birliyinin sədri Təranə Vəliyeva isə “Əlilliyi olan şəxslərin sosial müdafiəsində Heydər Əliyevin rolu” mövzusunda çıxış edib.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR