XƏBƏRLƏR

Baş Narkotiklərlə Mübarizə İdarəsi tələbələr üçün maarifləndirici tədbir keçirib

Baş Narkotiklərlə Mübarizə İdarəsi tələbələr üçün maarifləndirici tədbir keçirib

28 dekabr 2022

Baxış sayı: 10100

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Azərbaycan Universitetinin tələbələri üçün “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin mühazirəçisi idarənin əməkdaşı, polis kapitanı Bəxtiyar Abbaszadə olub.

Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva qonağı tələbələrə təqdim edərək bildirib ki, günümüzdə dünyanı narahat edən başlıca problemlərdən biri olan narkomaniya Azərbaycandan da yan keçməyib. Narkomaniya ilə mübarizə yalnız dövlət qurumlarının vəzifəsi olmamalı, cəmiyyətin bütün üzvləri, özəlliklə də gənclər bu mübarizəyə qoşulmalıdır. 

Kafedranın müəllimi, “Narkotik maddə istifadəçiləri və alkaqoldan asılı şəxslərlə sosial iş” fənnini tədris edən Firuzə Hüseynova narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə profilaktika və maarifləndirmə işlərinin əhəmiyyətinə toxunub.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi, polis kapitanı Bəxtiyar Abbaszadə çıxışında narkomaniya və onun dövlət, cəmiyyət və fərd üçün törətdiyi fəsadlar, narkotik istifadəçilərinin üzləşdikləri problemlərdən geniş şəkildə bəhs edib. Narkotikin asılılıq yaradan ən təhlükəli maddə olduğunu vurğulayan Bəxtiyar Abbaszadə gəncləri insanı məhvə sürükləyən bu cür maddələrdən və kənar təsirlərdən uzaq olmağa səsləyib. 

Qonaq Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər, həyata keçirilən layihə və maarifləndirici tədbirlər haqqında da iştirakçılara məlumat verib. Bəxtiyar Abbaszadə bildirib ki, Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı ciddi və qətiyyətli mübarizə aparılır. 

Sonda tələbələrin mövzuya dair sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR