XƏBƏRLƏR

Dünya Hemofiliya Günü münasibətilə maarifləndirmə tədbiri keçirilib

Dünya Hemofiliya Günü münasibətilə  maarifləndirmə tədbiri keçirilib

16 aprel 2021

Baxış sayı: 2311

Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Empatiya Klub” tərəfindən 17 Aprel – Dünya Hemofiliya Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. Tədbirin moderatorluğunu klubun sədri və Gənclərlə iş ixtisası üzrə magistratura I kurs tələbəsi Şalan Novruzov edib. Tədbir ekstremal şəraitə uyğun olaraq bütün digər tədbirlər kimi onlayn rejimdə təşkil olunub.

Moderator bildirib ki, hemofiliya qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Dünya Hemofiliya Günü, Dünya Hemofiliya Federasiyası tərəfindən hər il 17 apreldə təşkil edilən beynəlxalq tədbir olub, xəstəlik haqqında məlumatlandırma günüdür. Dünya Hemofiliya Günü hər il bir şüar altında qeyd olunur, bu ilki şüar “Dəyişikliyə adaptasiya: yeni dünyada yardımın dayanıqlı təminatı” olaraq müəyyənləşdirilib.

TƏBİB-in Davamlı Tibbi Təhsil Departamentinin mütəxəssisi Romella Osmanova tədbir iştirakçılarına hemofiliya xəstəliyi, dünyada hemofiliyanın rastgəlmə tezliyi, bu sahədə çalışan alimlər, irsi ötürülmə sxemi, 2 yaşa qədər uşaqlarda hemofiliya xəstələrinin rastgəlmə tezliyi, xəstəliyinin Azərbaycanda yayılması, dövlət dəstəyi, hemofiliya ilə mübarizə addımları haqqında ümumi məlumat verib.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İdarə Heyətinin sədri Ayaz Hüseynov qeyd edib ki, rəhbərlik etdiyi assosiasiya Azərbaycanda yaşayan hemofiliyalı xəstələr və onların valideynlərindən ibarət ictimai  təşkilatdır. 1997-ci ildə yaradılan təşkilat keçirdiyi müxətlif tədbirlər və görüşlər vasitəsilə hemofiliyaya dair məsələlər haqqında ictimaiyyəti və hökumət təşkilatlarını məlumatlandırır. Assosiasiyanın əsas məqsədlərindən biri hemofiliya və digər qanın laxtalanmasının pozulmasından əziyyət çəkən vətəndaşların keyfiyyətli müalicəsinə nail olmaqdır. Ayaz Hüseynov çıxışında tədbir iştirakçılarına assosiasiyanın sosial proqramları haqqında da məlumat verib.

Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının bu xəstəlik haqqında  məlumatlılıq səviyyəsinin artırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiyini bildirib.

Tədbirdə bildirilib ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi , TƏBİB və Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə birgə 17 Aprel - Dünya Hemofiliya Günündə “Dəyişikliyə adaptasiya və yeni dünyada yardımın dayanıqlı təminatı” şüarı altında beynəlxalq konfrans keçirəcək. Konfransda hemofiliya və digər qanda laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların mövcud durumu, beynəlxalq təcrübə, yeni müalicə üsulları haqqında çıxışlar planlaşdırılır.

Daha sonra Azərbaycan Universitetinin Gənclərlə iş ixtisası üzrə magistratura I kurs tələbəsi Çiçək Quliyevanın mövzuya dair məruzəsi dinlənilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.  

İctimaiyyətlə əlaqələr şöbəsi
16.04.2021


DİGƏR XƏBƏRLƏR