XƏBƏRLƏR

Azərbaycan Universitetində İqtisadiyyat ixtisası üzrə təhsil proqramları müzakirə olunub

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin təşəbbüsü və İqtisadiyyat və idarəetmə kafedrasının təşkilatçılığı ilə iqtisadiyyat ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində tətbiq olunan təhsil proqramlarının müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdirinin müavini Rəvan Əhmədov, Biznes və İqtisadiyyat fakültəsinin dekan müavini Nahid Almasov, Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri Tural Qocayev, kafedranın professor-müəllim heyəti, Azərbaycan Universitetinin məzunları Səbinə Sadıqova və Fidan Aslanova iştirak edib. Görüşün əsas məqsədi mövcud tədris proqramlarının məzmununun təhlili, proqramların əmək bazarının cari tələblərinə uyğunluğunun qiymətləndirilməsi və gələcəkdə proqramın daha da təkmilləşdirilməsi istiqamətində təkliflərin müzakirəsi olub.

Diskussiyalar zamanı fənn yükünün optimallaşdırılması, tələbələrin praktiki bacarıqlarının artırılması və dövlət-sahə əməkdaşlığının tədris prosesinə inteqrasiyası kimi məsələlər gündəmə gətirilib. Proqramda məktəb fənlərinin təkrarlanması, humanitar fənlərin prioritetliyi, praktiki biliklərin azlığı və məzmunun köhnəlməsi, müasirlik baxımından yenilənməyə ehtiyac duyulması kimi məqamlar diqqət mərkəzində olub.

İştirakçılar tərəfindən bir sıra təkliflər irəli sürülüb. Bunlar sırasında risk və SWOT analizlərinin proqramda əks etdirilməsi, dövlət qurumları və özəl şirkətlərlə əməkdaşlıq memorandumu imzalanması, tələbələr üçün təcrübə imkanlarının genişləndirilməsi və rəqəmsal dövrün tələblərinə uyğun yeni ixtisasların yaradılması xüsusilə vurğulanıb.

Bununla yanaşı, dövlət qurumlarında ixtisaslı kadrlara olan tələbatın nəzərə alınması, universitet və müəssisələr arasında əməkdaşlığın gücləndirilməsi, fənlərin ardıcıllığının yenidən qurulması və ümumilikdə tədris planının yenilənməsi məsələlərinə də toxunulub. Qərb ölkələrinin təcrübəsi, mövcud hüquqi çərçivələr və akkreditasiya meyarları da müzakirə olunan əsas mövzular arasında yer alıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR