XƏBƏRLƏR

Mehriban Zeynalova Azərbaycan Universitetinin tələbələri ilə görüşüb

Mehriban Zeynalova Azərbaycan Universitetinin tələbələri ilə görüşüb

18 may 2022

Baxış sayı: 1682

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimi, professor Mehrəngiz Nəcəfizadənin Təhsildə sosial-psixoloji xidmət ixtisasının II kurs tələbələrinə tədris etdiyi “Genderə giriş” fənninin növbəti qonaq mühazirəçisi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova olub. Qonağı tələbələrə kafedranın müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva təqdim edib. Kafedra müdiri bildirib ki, Mehriban Zeynalova insan alveri ilə mübarizə sahəsində təlimçi və ekspert, bir neçə monoqrafiya və araşdırmanın müəllifidir. Azərbaycan Universitetində “İnsan alveri ilə mübarizə” fənni onun müəllif olduğu dərs vəsaiti əsasında tədris olunur.

Daha sonra Mehriban Zeynalova tələbələrə  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin və rəhbərlik etdiyi sığınacağın fəaliyyəti, insan alveri probleminin mahiyyəti və  onun qarşısının alınması yolları haqqında məlumat verib. Qonaq qeyd edib ki,  1999-cu ildən başlayaraq insan alveri problemini aktuallaşdırmağa və gündəmdə tutmağa çalışıb. Mövzu ilə bağlı elə həmin il təşkil olunan dəyirmi masadan sonra problem ölkə mətbuatında da müzakirə olunmağa başlanıb. Növbəti belə masa 2003-cü ildə dövlət qurumları ilə birgə təşkil olunub. 2004-cü ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “İnsan alverinə qarşı mübarizəyə dair” Milli Fəaliyyət Planının qəbul edilməsi bu istiqamətdə irəliyə atılan çox ciddi addım olub. İndiyə qədər 4 belə plan qəbul olunub.

Mehriban Zeynalova bildirib ki, insan alveri ilə mübarizə sahəsində 2003-cü ildən müstəqil fəaliyyət göstərir. Müxtəlif müraciətləri qəbul etməyə və insan alveri qurbanlarına təhlükəsiz mühit yaratmağa isə 2002-ci ildə başlayıb. Öz mənzilini uzun illər sığınacaq kimi istifadəyə verib. İndi isə icarəyə götürülən yeni ofisdə fəaliyyət göstərirlər. Yeni ofis ən müasir tələblərə cavab verir.

Qonaq tələbələrə “Təmiz Dünya” Qadın və Uşaq Sığınacağının fəaliyyət istiqamətləri, sığınacağa müraciətlərin qəbulu və burada göstərilən xidmətlər haqqında da məlumat verib. Bildirib ki, sosial iş tələbələrinin sığınacaqda təcrübə keçmələri onların praktik hazırlığına böyük töhfə verəcəkdir. 

Görüş daha sonra müzakirə formatında davam edib. Mehriban Zeynalova görüşdə iştirak edən tələbələrin mövzuya dair çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, “Genderə giriş” fənnini tədris edən Mehrəngiz Nəcəfizadə ABŞ-ın  Kanzas universitetinin professorudur. Mehrəngiz Nəcəfizadə Azərbaycan Universitetinin heyətinə 2021/2022-ci tədris ilinin yaz semestri üçün Fullbright Proqramı ilə qoşulub.

İctimaiyyətlə əlaqələr şöbəsi
18.05.2022

DİGƏR XƏBƏRLƏR