XƏBƏRLƏR
Milli Observatoriya Azərbaycan Universitetində “Məsləhət Günü” keçirib
Azərbaycan Universitetində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən tələbələr üçün “Əmək bazarının cari vəziyyəti və perspektivləri” mövzusunda “Məsləhət Günü” keçirilib. Tədbirdə Milli Observatoriya tərəfindən aparılan təhlil nəticələri, əmək bazarında müşahidə olunan son yeniliklər, müasir iş dünyasının tələbləri, karyera planlaşdırması və peşəkar inkişaf imkanları barədə iştirakçılara ətraflı məlumat verilib.
Tədbirin açılışında Milli Observatoriyanın mətbuat katibi Fidan Seyidşahqızı çıxış edərək tələbələri salamlayıb, tədbirin əhəmiyyətini diqqətə çatdırıb.
Ardınca Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamenti müdirinin müavini Əli Tağızadə çıxış edərək Observatoriyanın fəaliyyəti, struktur vahidləri, əsas fəaliyyət istiqamətləri və vəzifələri haqqında məlumat verib, həmçinin iş elanlarının təhlilini də təqdim edib. Əli Tağızadə bildirib ki, analiz edilən hər beş iş elanından biri maliyyə sahəsinə aiddir. O, çıxışında yumşaq bacarıqların əhəmiyyətinə də toxunub.
Daha sonra Monitorinq şöbəsinin böyük mütəxəssisi Ülkər Əsgərova “Əmək bazarında mövcud tendensiyalar” mövzusunda çıxış edib. Bəzi sahələrdə məşğulluq imkanlarının artdığını, bəzilərində isə azalma müşahidə edildiyini diqqətə çatdıran Ülkər Əsgərova çıxışında texnologiyanın sürətli inkişafının əmək bazarına təsiri və gələcəkdə ortaya çıxacaq yeni peşə və bacarıq tələbləri barədə də məlumat verib, həmçinin ixtisaslar üzrə məşğulluq səviyyəsini əks etdirən statistik məlumatları təqdim edib. Mütəxəssis qeyd edib ki, iqtisadiyyat və idarəetmə kimi sahələrə əmək bazarında daha çox tələbat var.
Tədbir sual-cavab formatında davam edib. İştirakçılar onları maraqlandıran suallarla çıxış edənlərə müraciət ediblər.
Sonda Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova çıxış edərək tədbirin uğurla keçdiyini qeyd edib, qonaqlara təşəkkür edib. Kafedra müdiri tələbələrin Milli Observatoriyada təcrübə keçmək imkanlarının nəzərdən keçirildiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, tədbir Azərbaycan Universiteti ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi