XƏBƏRLƏR

Müəllimlərimiz onlayn beynəlxalq konfransda məruzə ilə çıxış ediblər

Müəllimlərimiz onlayn beynəlxalq konfransda məruzə ilə çıxış ediblər

10 noyabr 2021

Baxış sayı: 1890

Azərbaycan Universiteti Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva və kafedranın müəllimi Aygün Muradlı Gürcüstanın Şərqi Avropa Universiteti və İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (East European University & Ivane Javakhishvili Tbilisi State University) tərəfindən birgə təşkil olunan “Universitetin məqsədi və institusional muxtariyyət: çağırışlar və onların Gürcüstana təsiri” adlı iki günlük beynəlxalq konfransda “Gələcəkdə sosial işçilərin cəmiyyətin sosial rifahına təsirində ali təhsil müəssisələrində aparılan sosial iş təhsilinin rolu” adlı araşdırma məqaləsi ilə çıxış ediblər.

Əməkdaşlarımız məruzədə sosial iş anlayışı  və sosial işçinin statusu, Azərbaycan universitetlərində sosial iş təhsili və yaranma tarixi, sosial işçi ixtisası üzrə peşə hazırlığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2006-ci il tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda  sosial iş üzrə mütəxəssis kimi təsbit edilməsi, “Sosial xidmət haqqında” qanun, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2014-cü ildə imzalanmış əmri, “Bakalavriat səviyyəsinin “050813 – Sosial iş” ixtisası üzrə Təhsil Proqramı”nın təsdiqi və “Sosial iş” ixtisası üzrə ali təhsil pilləsinin dövlət standartlarına əsasən keçirilən fənlər, eyni zamanda ölkəmizdəki sosial iş və sosial xidmət sahəsi ilə bağlı olan agent və xidmətlər, ölkəmizdə sosial iş sferasında həyata keçirilən tədbirlər haqqında məlumat veriblər.

Dünyanın müxtəlif universitet və araşdırma mərkəzlərinin alim, tədqiqatçı və mütəxəssislərinin təmsil olunduğu konfransın məqsədi Gürcüstan ali təhsilində ölkənin sosial, mədəni, iqtisadi və siyasi inkişafı ilə birbaşa əlaqəli olan məsələləri beynəlxalq kontekstdə araşdırmaqdır.  Konfransın bölmə iclaslarında London Universitet Kolleci (Böyük Britaniya), Middlesex Universiteti (Böyük Britaniya), Honq Konq Universiteti (Çin), Qaziantep Universiteti (Türkiyə), Beynəlxalq İdarəetmə Məktəbi (Slovakiya), Rivne Regional Pedaqoji Təhsil İnstitutu (Ukrayna), Alikante Universiteti (İspaniya), Oslo Universiteti (Norveç), Mançester Universiteti - Moskva Sosial Məktəbi və İqtisadiyyat Elmləri – (Böyük Britaniya – Rusiya), Nikosiya Universiteti (Kipr) və Gürcüstanda fəaliyyət göstərən  olan müxtəlif universitetlərin nümayəndələrinin məruzələri dinlənilib.

Onlayn beynəlxalq konfransda Azərbaycan Universitetinin professoru Paul Gibbs də məruzə ilə çıxış edib. Professorun məruzəsi “Akademiklərin akademik azadlıqlara görə məsuliyyət daşıması”  (Holding academics accountable for academic freedoms) mövzusuna həsr olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
10.11.2021

DİGƏR XƏBƏRLƏR