XƏBƏRLƏR
Nəsimi Rayon Polis İdarəsi Azərbaycan Universitetində maarifləndirici tədbir keçirib
Azərbaycan Universitetində Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayevin rəhbərliyi və idarənin əməkdaşlarının iştirakı ilə tələbələr üçün narkomaniya, dini radikalizm və kibercinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov açaraq qonaqları tədbir iştirakçılarına təqdim edib, narkomaniya, dini radikalizm, kibercinayətkarlıq kimi aktual problemlər ilə mübarizədə maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.
Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev “Narkomaniya nədir?” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində narkotik asılılığı və zərərləri haqqında məlumat verib, Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı, idarə tərəfindən aşkarlanan və dövriyyədən çıxarılan narkotik vasitələrinin statistikası, bu vasitələrin ölkə ərazisinə keçirilmə üsulları haqqında maraqlı faktlar təqdim edib. Polis İdarəsinin rəisi çıxışında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın mahiyyəti haqqında danışıb, dini radikalizmin təhlükə və fəsadlarına da toxunub.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı Araz Bayramov isə kibercinayətkarlıqla mübarizə üsulları barədə məlumatlar verib, bu istiqamətlərdə görülən qətiyyətli mübarizə tədbirlərindən bəhs edib. Vətəndaşlara qarşı kiber üsulla törədilən cinayətlərin qarşısının alınması, bu cür neqativ halların aradan qaldırılması üçün vətəndaş məsuliyyətinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Çıxışların ardından narkomaniyanın fəsadlarını gözlər önünə sərən video-çarx nümayiş olunub, tələbələrin sualları cavablandırılıb.
Tədbirin sonunda Nəsimi rayon Polis İdarəsi tərəfindən hazırlanmış maarifləndirici bukletlər tədbir iştirakçılarına paylanılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi