XƏBƏRLƏR

Sosial iş ixtisasının magistrantları üçün peşənin inkişaf tarixinə dair təqdimat keçirilib

Sosial iş ixtisasının magistrantları üçün peşənin inkişaf tarixinə dair təqdimat keçirilib

12 noyabr 2026

Baxış sayı: 11

Azərbaycan Universitetinin Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin təşkilatçılığı ilə sosial iş ixtisası üzrə magistratura I kurs tələbələri üçün görüş keçirilib. Görüşdə Azərbaycan Sosial İş İctimai Birliyinin idarə heyətinin üzvü Tural Mirzəyev təqdimatla çıxış edib. 

“Azərbaycanda sosial işin inkişafı: tarix, tədqiqat və perspektivlər” mövzusunda təqdimatında Tural Mirzəyev peşənin Azərbaycanda formalaşması və inkişaf tarixini üç mərhələ üzrə şərh edib. İlk mərhələdə Azərbaycanın Sovet İttifaqının tərkibinə daxil olmasından əvvəlki dövrdə, xüsusilə neft sənayesinin inkişafı fonunda formalaşan xeyriyyəçilik ənənələri, Hacı Zeynalabdin Tağıyevin təsis etdiyi Qızlar Seminariyası və ilk xeyriyyə cəmiyyətlərinin fəaliyyətindən bəhs olunub. İkinci mərhələdə sovet dövründə sosial işin ideoloji səbəblərdən sıxışdırılması və bu sahə ilə bağlı cəmiyyətdə birtərəfli təsəvvürlərin formalaşması, üçüncü mərhələdə isə müstəqillikdən sonrakı dövrdə sosial işin inkişafı diqqətə çatdırılıb. Bu mərhələdə sosial böhran, qaçqın və məcburi köçkünlərin problemləri, beynəlxalq təşkilatların dəstəyi ilə peşəkar sosial iş təhsilinə keçid kimi məsələlərə toxunulub. Həmçinin 1920-ci ildə yaradılmış Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti qeyd olunub.

Tural Mirzəyev daha sonra 2005-ci ildə ilk magistratura proqramının açılması, 2012-ci ildə “Sosial xidmət haqqında” Qanunun qəbulu ilə peşənin hüquqi statusunun tanınması, eləcə də Azərbaycan Sosial İş İctimai Birliyinin peşəkar təşkilat kimi fəaliyyəti haqqında məlumat verib. Həmçinin şəxsi peşəkar təcrübəsini tələbələrlə bölüşüb.

Görüşdə sosial iş sahəsinin inkişaf perspektivləri, kadr təminatı, peşə imicinin formalaşdırılması və ixtisaslı mütəxəssislərə tələbatla bağlı məsələlər müzakirə olunub. Tədbir tələbələrin suallarının cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR