XƏBƏRLƏR

Azərbaycan Universitetində tələbələrin innovativ layihələrdə iştirakı müzakirə olunub

Azərbaycan Universitetində tələbələrin innovativ layihələrdə iştirakı müzakirə olunub

13 oktyabr 2026

Baxış sayı: 13

Azərbaycan Universitetində İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) üzvləri ilə elmi işlər üzrə prorektor Yusif Qasımovun görüşü keçirilib. Görüşdə tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, innovativ layihələrdə iştirakı və yeni təşəbbüslərinin dəstəklənməsi məsələləri müzakirə edilib.

Tədbiri giriş sözü ilə fakültənin dekanı Asif Paşayev açaraq tələbələrin innovativ layihələrdə iştirakının, yeni ideyalar irəli sürməsinin və elmi-texnoloji təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. Dekan fakültə tələbələrinin müəllifi olduqları layihələr haqqında məlumat verib, onların beynəlxalq ICPC proqramlaşdırma olimpiadalarında iştirakının əhəmiyyətindən danışıb.

Elmi işlər üzrə prorektor Yusif Qasımov tələbələrin elmi və innovasiya yönümlü fəaliyyətə cəlb olunmasının, yeni ideyaların həyata keçirilməsinin və layihə təşəbbüslərinin dəstəklənməsinin vacibliyini qeyd edib. Yusif Qasımov bildirib ki, tələbələrin innovativ təşəbbüsləri universitet rəhbərliyi tərəfindən dəstəklənir və gənclərin yeni layihələrdə iştirakına, yaradıcı ideyalarının həyata keçirilməsinə bundan sonra da şərait yaradılacaq.

Ardınca Riyaziyyat və informatika kafedrasının müdiri, dosent Rəşad Məstəliyev tələbələrin elmi-tədqiqat fəaliyyətində fəallığının artırılmasının, nəzəri biliklərini praktiki layihələrlə möhkəmləndirməsinin və müasir texnologiyalar sahəsində biliklərini inkişaf etdirməsinin əhəmiyyətini diqqətə çatdırıb. Kafedra müdiri tələbələri yeni ideyalar üzərində işləməyə, innovativ həllər hazırlamağa və elmi təşəbbüslərdə fəal iştirak etməyə çağırıb.

Fakültə üzrə TEC-in sədri Namət Nağıyev isə cəmiyyətin fəaliyyət planı barədə məlumat verib, həyata keçirilməsi nəzərdə tutulan layihələri təqdim edib. Görüş çərçivəsində TEC-in idarə heyətinə yeni üzvlərin seçilməsi də həyata keçirilib. Yeni seçilmiş üzvlərə fəaliyyət planı və qarşıda duran vəzifələr barədə məlumat verilib.

Görüşün sonunda tələbələrin innovativ ideya və təklifləri dinlənilib, onların təşəbbüslərinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR