XƏBƏRLƏR

Türkiyədə Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib

Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Türkiyənin Elazığ şəhərində yerləşən Fırat Universitetində Hesablama Riyaziyyatı və Mühəndislik Elmləri üzrə 7-ci beynəlxalq konfrans (The 7th International Conference on Computational Mathematics and Engineering Sciences / CMES-2023) keçirilib. Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva konfransın fəxri komitəsində, elmi işlər üzrə prorektor Yusif Qasımov isə elm komitəsində təmsil olunub.

15-dən çox ölkədən alim və tədqiqatçının iştirak etdiyi konfransın açılışında Fırat Universitetinin rektoru, professor Fahrettin Göktaş, Riyaziyyat fakültəsinin dekanı, professor Mikail Et və Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımovun çıxışları dinlənilib. Professor Fahrettin Göktaş belə mötəbər tədbirə ev sahibliyi etdikləri üçün məmnuniyyətini dilə gətirib, konfransın işinə uğurlar arzulayıb. Yusif Qasımov isə çıxışında konfransın təşkilatçılarına və iştirakçılarına rektor Səadət Əliyevanın salamlarını çatdırıb, xatirə hədiyyəsini rektor Fahrettin Göktaşa təqdim edib. 

Yusif Qasımov daha sonra beynəlxalq tədbirin plenar iclasında məruzə ilə çıxış edib. Məruzə “Qeyri-xətti hiperbolik tənlik üçün qeyri-lokal şərtli ən tez təsir məsələsi” (Speed-in-action problem for the nonlinear hyperbolic equation with a nonlocal boundary condition) mövzusuna həsr olunub. 

Açılışın və plenar icalsın ardından konfrans işini bölmə iclaslarında davam etdirib. Beynəlxalq tədbirdə riyaziyyat və mühəndislik sahəsində son yeniliklər və elmi tədqiqatların nəticələri müzakirə olunub. Hibrid formatda təşkil olunan konfransın ilk iki günündə iştirakçılar məruzələrini ənənəvi formada, üçüncü gün isə məsafədən təqdim ediblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR