XƏBƏRLƏR

Azərbaycan Universitetində görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilib

30 aprel 2025

Baxış sayı: 101

Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsində əməkdar elm xadimi, görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin anadan olmasının 117 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə universitetin professor müəllim heyəti və magistratura tələbələri iştirak edib.

Tədbiri giriş sözü ilə fakültənin dekanı, dosent Səfər Məmmədov açaraq, Mir Cəlal Paşayevin həyat və yaradıcılığı, ədəbi irsi haqqında məlumat verib.

Ardınca Tərcümə və filologiya kafedrasının professoru, filologiya elmləri doktoru Asif Hacıyev müəllimi olan Mir Cəlal Paşayevin elmi və ədəbi irsinin əhəmiyyəti barədə çıxış edib. Asif Hacıyev müəllimi ilə bağlı xatirələrini də iştirakçılarla bölüşüb.

Kafedranın dosenti Fərhad Mədətov çıxış edərək Mir Cəlal Paşayevin pedaqoji fəaliyyətindən və onun gənc nəslin formalaşmasında oynadığı mühüm roldan bəhs edib. O, eyni zamanda yazıçının “Bir gəncin manifesti” romanını təhlil edərək, əsərin ideya-məzmun xüsusiyyətlərini və tərbiyəvi əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.

Kafedranın dosenti Fəzilə Zakirova da müəllimi ilə bağlı xatirələrindən bəhs edib, gənclərə olan diqqət və qayğısından danışıb.

Daha sonra isə filologiya ixtisası üzrə magistratura II kurs tələbələri Mədinə Əhmədova “Mir Cəlal Paşayevin elmi publisistik əsərlərinin Azərbaycan ədəbiyyatına təsiri”,  Elnurə Cavadova isə “Mir Cəlalın əsərlərində insan obrazının təqdimatı” mövzularında məruzə ediblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi

         


DİGƏR XƏBƏRLƏR