XƏBƏRLƏR

Yeni “Ulduz Tələbə”lərin seçimi başlayır

Yeni “Ulduz Tələbə”lərin seçimi başlayır

10 fevral 2026

Baxış sayı: 212

  • Qış imtahan sessiyası yekunlaşdı, 
  • Əgər sən sadəcə dərslərdə deyil,
  • Elmi və ictimai fəaliyyətdə,
  • şəxsi inkişafda da fərqlənirsənsə, 
  • Ulduz olmaq üçün indi doğru zamandır!
  • Özünə inan, addım at!
  • Tələbəsi olduğun fakültənin ulduzu sən ol!

Tələbələrimizin nəzərinə çatdırırıq ki, “Ulduz Tələbə” layihəsi 2025/2026-cı tədris ilinin yaz semestri üçün sənəd qəbulu elan edir. Layihədə iştirak etmək istəyən tələbələr 11 fevral 2026-cı il, saat 17:00-dək fakültə dekanlıqlarına müraciət etməlidirlər. Müraciət zamanı seçim meyarlarına uyğunluğu təsdiq edən sənədlər (akademik transkript, müvafiq sertifikatlar, digər sənədlər) təqdim olunmalıdır.  Seçim prosesində nəzərdə tutulan meyarlara uyğunluq təqdim olunan sənədlər əsasında qiymətləndiriləcək.

Qeyd edək ki, layihənin icrasına 2025/2026-cı tədris ilinin payız semestrində start verilib. “Ulduz Tələbə” layihəsinin məqsədi akademik biliyi, sosial fəallığı, şəxsi inkişafı ilə fərqlənən çalışqan və istedadlı tələbələri kəşf etmək, onların uğurlarını geniş ictimaiyyətə təqdim etməkdir.  Layihə bakalavriat tələbələrinə şamil olunur. Ulduz tələbələr hər imtahan sessiyası başa çatandan sonra semestrin nəticələrinə uyğun olaraq hər fakültə üzrə 1 nəfər olmaqla Münsiflər Heyəti tərəfindən seçilir və seçildikləri semestr müddətində hər ay 100 AZN təqaüd alırlar.

Münsiflər Heyəti dekanlıqların təqdim etdiyi namizədləri aşağıdakı meyarlar əsasında 100 ballıq şkala üzrə qiymətləndirir:

  • Akademik göstəricilərinə görə - 30 bal (əvvəlki semestr üzrə GPA 81+ və təkrar dərs və ya akademik borcun olmaması)
  • Elmi fəaliyyətinə görə - 20 bal (elmi konfranslarda iştirak etməsi, məqalə və ya tezis dərc etdirməsi, Tələbə Elmi Cəmiyyəti və digər elmi-tədqiqat qruplarında aktiv iştirak)
  • Sosial və ictimai fəaliyyətinə, xüsusi bacarıqları, nümayəndəlik və liderlik keyfiyyətlərinə görə - 20 bal (Sosial fəaliyyətlərdə aktivliyi, təşəbbüskarlığı və məsuliyyəti ilə seçilən, könüllülük fəaliyyəti və xeyriyyə təşəbbüslərində iştirak, incəsənət sahəsində uğurlar, idman nailiyyətləri və s.)
  • Xarici dil və rəqəmsal bacarıqlarına görə - 20 bal (professional inkişafı üçün universitet öhdəliklərindən əlavə bilik və bacarıqları formalaşdıran təlimlərdə, beynəlxalq təcrübə proqramlarında iştirak, ən azı bir xarici dil üzrə beynəlxalq sertifikat (IELTS, TOEFL və s.), İKT üzrə sertifikat
  • İntizam və nümunəvi davranış - 10 bal (Universitetin tələbələr üçün nəzərdə tutulmuş nizam-intizam qaydalarına riayət etməsi, Universitetin nüfuzuna, mənəvi dəyərlərinə zidd hərəkətlər etməməsi, müəllim və tələbə kollektivləri arasındakı nüfuz və hörməti və s.)

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR