XƏBƏRLƏR

Azərbaycan Universiteti “QS Stars” auditində 4 ulduzla qiymətləndirilib

Azərbaycan Universiteti “QS Stars” auditində 4 ulduzla qiymətləndirilib

18 iyul 2025

Baxış sayı: 485

Azərbaycan Universiteti dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən keçirilən “QS Stars” auditində 4 ulduzla qiymətləndirilib. 

Reytinqə ilk dəfə müraciət edən Azərbaycan Universitetinin bu nəticəni əldə etməsi son illər ərzində aparılan islahatların, tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbə mərkəzli yanaşmanın, beynəlxalq əməkdaşlığın genişləndirilməsi,  beynəlxalq elmi əlaqələrin gücləndirilməsi, tanınmış elmmetrik bazalarda universitetin elmi göstəricilərinin durmadan yüksəlməsinin nəticəsidir. 

Belə ki, Azərbaycan Universiteti beynəlxalq reytinqlərdə yer almağa və irəliləməyə davam edir. Dünyanın ən nüfuzlu reytinqlərindən biri hesab olunan “Şanxay reytinqi” (Shanghai Ranking) tərəfindən dərc olunan “Akademik Fənlərin Qlobal Reytinqi”ndə Azərbaycan ilk dəfə riyaziyyat fənni üzrə 2 universitetlə təmsil olunub. Reytinqdə ölkə üzrə ən yüksək mövqe Azərbaycan Universitetinə məxsusdur. Universitet bu reytinqdə 301-400-cü pillələr arasında yer alıb.  Həmçinin qeyd etmək yerinə düşər ki, Azərbaycan bu reytinqdə riyaziyyat fənni üzrə Cənubi Qafqaz regionunu təmsil edən yeganə ölkədir.

2025-ci ildə Azərbaycan Universitetinin “Web of Science” bazası üzrə Hirş indeksi 36-ya, “Scopus” bazası üzrə isə 40-a çatıb. Universitet hər iki elmmetrik platformada ölkə üzrə 5-cidir. 

Universitet “Round University Ranking” (RUR) beynəlxalq reytinqində 2024-cü illə müqayisədə 85 pillə irəliləyərək, ölkənin ali təhsil müəssisələri arasında 4-cü yerdə qərarlaşıb. RUR reytinqi üzrə Azərbaycan Universitetinin bu ilki göstəricisi 970-dir, keçən il bu rəqəm 1055 olub.

Azərbaycan Universiteti akademik tədqiqatların məhsuldarlığı, elmi nüfuzu və keyfiyyəti baxımından dünya üzrə 30 milyondan çox alim və 120 mindən çox müəssisənin fəaliyyətinin qiymətləndirildiyi SCHOLARGPS® qlobal reytinqində də yer alıb. Azərbaycan Universiteti qeyd olunan qlobal platformada Azərbaycanı təmsil edən 3 ali təhsil müəssisəsindən biridir və ölkə üzrə ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, “QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem ali təhsil müəssisələrinin müxtəlif meyarlar –  keyfiyyətli tədris, tədqiqat, tələbə dəstəyi, idarəetmə, beynəlxalq əməkdaşlıq, bərabərlik və inklüzivlik, infrastruktur, əmək bazarına çıxış imkanları və s. üzrə qiymətləndirilməsini nəzərdə tutur. Bu sistem universitetlərin güclü tərəflərini obyektiv şəkildə göstərməklə, beynəlxalq arenada rəqabətqabiliyyətliliyini artırır və onların qlobal səviyyədə tanınmasına töhfə verir. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR